Bank kartlarından pul talayan dəstə üzvləri TUTULDULAR – FOTO/VİDEObackend

Bank kartlarından pul talayan dəstə üzvləri TUTULDULAR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bank kartlarındakı pul vəsaitləri talayan daha bir dəstənin üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə nazirliyə çoxsaylı müraciətlər daxil olub.

Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən növbəti dəstənin üzvləri – Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdiriblər. Məhəmməd Babazadə və Güləli Kazımov onlarla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi adı altında 500 manatdan 6 000 manata qədər pulun özlərinə və müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb ediblər.

Bu məqsədlə onlar müraciət edən vətəndaşların kart məlumatlarını əldə ediblər. Daha sonra onlar kartlardakı vəsaitləri öz hesablarına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıblar. Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhəmməd Babazadə və Güləli Kazımovun ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.

Bildirilib ki, bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. DİN bir daha vətəndaşlara elan, onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edir.