“Bank of Georgia” erməni separatizminin maliyyələşməsində iştirak edir – Səhmdarların xəbəri var?backend

“Bank of Georgia” erməni separatizminin maliyyələşməsində iştirak edir – Səhmdarların xəbəri var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dövlətinin uzun illər ərzində davamlı şəkildə yürütdüyü siyasi, diplomatik və hərbi strategiyanın nəticəsində ölkə ərazilərində mövcudluğunu bir neçə onillik davam etdirmiş erməni separatizmi məhv edilərək tarixin arxivinə göndərilib. Beynəlxalq hüququn yaratdığı şərait və bütün dünya ölkələrinin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması Cənubi Qafqazda artıq yeni geosiyası reallıqların yaranması ilə nəticələnib. Lakin ortaya çıxan yeni siyasi nizamı qəbul etməyən bəzi xarici qüvvələr, onların Ermənistandakı (revanşist) nümayəndələri və keçmiş separatçı quruma yaxın olan şəxslərin əli ilə qondarma Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsi müşahidə olunur.

 

Editor.az  Trend-ə istinadən xəbər verir ki, cari ilin 17 yanvar tarixində qondarma Qarabağ Respublikasının keçmiş “ombudsmanı” Artak Beqlaryanın rəhbərliyi altında Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə Birliyi” (The Union for Protection of the Interests and Rights of the Artsakh People) adlanan qeyri-hökumət təşkilatının yaradıldığı elan edilib. Təşkilatın yaranma missiyası Ermənistanda və bütün dünyada “köçkün” olaraq yaşamağa davam edən qarabağ ermənilərinin kollektiv hüquqlarını müdafiə etmək, onların maraqlarını beynəlxalq platformalarda təmsil etmək, dünyanın diqqətini Qarabağ ermənilərinin məsələlərinə cəlb etmək olaraq qeyd edilir. Bugünədək təşkilatın rəhbər şəxsləri tərəfindən bəzi ölkələrə səfərlər təşkil edilərək erməni diaspor nümayəndələri və ermənipərəst siyasətçilərlə görüşlər gerçəkləşdirilib. Belə ki, cari ilin fevral ayının 1-də ABŞ-da yerləşən Amerika Erməni Milli Komitəsinin (Armenian National Committee of America) təşkilatçılığı ilə gerçəkləşdirilən toplantıda separatçı nümayəndələr ilə ABŞ Konqresmenləri Bred Şerman və Ceyms Kostanın görüşü təşkil edilib.

Şəkil 1. ABŞ Konqresmeni Bred Şermanın iştirakı ilə keçirilmiş görüş

Eyni zamanda analoji fəaliyyətin Fransa erməni diaspor təşkilatlarının dəstəyi ilə də davam etdirildiyini görə bilərik. Bir neçə ay öncə Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə Birliyi”-nin rəhbəri olaraq fəaliyyətə başlayan Artak Beqlaryanın Fransanın paytaxtı Paris şəhərinə səfəri təşkil edilib.

Şəkil 2. Artak Beqlaryanın Paris meri Anne Hidalqo tərəfindən mükafatlandırılması, 24 Aprel 2024-cü il, Paris şəhəri

Təşkilat fəaliyyətini vətəndaşlar tərəfindən ediləcək ianələr vasitəsi ilə gerçəkləşdirəcəyini elan edib. Birsözlə Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə Birliyi” adı altında davam etdirilən fəaliyyət separatçı mahiyyət daşıyır və məqsədləri geniş ictimaiyətə açıqdır.

Lakin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə qarşı qəsd məqsədi daşıyan bu separatçı fəaliyyətə, daha doğrusu onun maliyyələşməsinə dəstək göstərən xarici bankların fəaliyyəti anlaşılan deyil. Təşkilatın maliyyələşməsində iştirak edən banklar haqda məlumat aşağıdakı kimi qeyd olunur:

İanələrin edilməsi bank köçürmələri və kredit kartları ilə mümkündür və bu proses zamanı əsas hesab Ermənistan mənşəli AMERIABANK-a məxsus olsa da, dollarla ediləcək köçürmələr (USD) üzrə vasitəçi bankın (intermediary bank) CITIBANK NA, NEW YORK, avro (EUR) üzrə RAIFFEISEN ZENTRALBANK OESTERREICH AG, rubl (RUB) üzrə isə AO RAIFFEISEN BANK, MOSCOW olduğu məlum olur.

Artıq bir müddətdir ki, yuxarıda adıçəkilən CITIBANK NA və RAIFFEISEN BANK kimi qlobal maliyyə korporasiyaları separatçı fəaliyyətin maliyyələşməsində vasitəçi banklar olaraq iştirak edir.

Qarabağ Əhalisinin Hüquq və Maraqlarının Qorunması İttifaqı adı altında separatçı fəaliyyətə başlayan təşkilatın maliyyələşməsində Ermənistanın “AMERIABANK” adlı bankı aparıcı rol oynayır. Əsas səhmləri uzun müddət Rusiya Federasiyasında yaşamış erməni milyarder Ruben Vardanyana məxsus olan Ameriabankın bu ilin əvvəlində hissələrində dəyişiklik baş verib.

Şəkil 3. AMERIABANK-ın hazırkı səhmdarları

Hazırda səhmlərin 90%-i Bank of Georgia-ya məxsusdur və Bank of Georgia JSC Bank of Georgia Group PLC-nin törəmə müəssisəsidir. Bank of Georgia hazırda qonşu Gürcüstan Respublikasının maliyyə bazarlarında aparıcı oyunçudur. AMERIABANK uzun müddətdir ki, separatçı fəaliyyətlərin təşkil edilməsində fəal rol oynayırdı lakin Bank of Georgia tərəfindən adıçəkilən bankın səhmlərinin demək olar ki, tam şəkildə alınmasından sonra da analoji fəaliyyətin davam etməsi Rəsmi Bakıya qarşı atılan addımdır.

Məhv edilən erməni separatizminin bu dəfə Artsax Xalqının Maraq və Hüquqlarını Müdafiə Birliyi” adı altında yeni formada ortaya çıxması və Gürcüstan Respublikasının aparıcı bankı hesab edilən Bank of Georgia-nın əsas səhmdarı olduğu AMERIABANK-ın bu fəaliyyətdə iştirakı Azərbaycan-Gürcüstan strateji əlaqələrinin ruhuna və mehriban qonşuluq münasibətlərinə uyğun deyil. Azərbaycan və Gürcüstan dövlətləri uzun müddət ərzində separatizmdən əziyyət çəkib və müxtəlif platformalarda hər iki ölkə bir-birinin ərazi bütövlüyünə dəstəyini ən ali səviyyədə bildirib. Rəsmi Bakı erməni separatizmini ortadan qaldırmağa müvəffəq olsa da, Gürcüstanın qondarma Abxaziya və Cənubi Osetiya ilə bağlı problemləri hələ də həllini tapmayıb. Yeri gəlmişkən 1990-cı illərdə Abxaziyada baş qaldıran separatçı fəaliyyətdə Baqramyan Batalyonu adlı ermənilərdən təşkil edilən silahlı qruplaşma da fəal iştirak edib və yerli əhalinin amansızcasına qətliamında birbaşa məsuliyyət daşıyır. Şübhəsiz ki, bu barədə Gürcüstan dövləti və ictimaiyyəti kifayət qədər məlumatlıdır.

Şəkil 4. Abxaziyada ermənilərdən təşkil edilmiş və separatçı fəaliyyətlə məşğul olmuş Baqramyan Batalyonu

Şəkil 5. Erməni Baqramyan Batalyonu qondarma Abxaziya Silahlı Qüvvələrinin tərkibinə daxil edilir, 9 fevral 1993-cü il

Azərbaycanın suveren ərazilərinə iddia edən separatçı fəaliyyətin maliyyələşdirilməsində Bank of Georgia – ya məxsus AMERIABANK bankın iştirak etməsi beynəlxalq cinayətdir.

Hələ də separatizmdən əziyyət çəkən və 1990-cı illərdə erməni quldur dəstələrinin Abxaziya ərazisində yerli əhaliyə qarşı vəhşiliklər etdiyi Gürcüstanda ölkənin aparıcı bankı erməni separatizminə dəstək olmalı deyil. AMERIABANK-ın əsas səhmdarına çevrilən Bank of Georgia Azərbaycanın Qarabağ ərazilərində uzun müddət kök salmış separatçı fəaliyyətə yeni nəfəs verilməsi ilə bağlı yürüdülən siyasi layihəyə dəstək verərək Azərbaycan-Gürcüstan əlaqələrini və ölkəsinin üzləşdiyi problemləri görməzdən gələ bilməz.