Barəsində cinayət işi açılan məktəb direktoru ilə bağlı İLGİNC FAKTLARbackend

Barəsində cinayət işi açılan məktəb direktoru ilə bağlı İLGİNC FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq tərəfindən barəsində cinayət işi açılan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayevanın adı əvvəllər də qalmaqallı məsələlərdə hallanıb.

Lent.az xəbər verir ki, Bilgəhdə yerləşən 11 saylı internat məktəbində hələ 2014-cü ildə dəhşətli faktlar ortaya çıxıb. Belə ki, o zaman həmin məktəb şagirdlərinin tualetdə soyuq su ilə çimizdirilməsi barədə mətbuatda və sosial şəbəkələrdə görüntülər yayılıb. Faktlarla əlaqəli cəmiyyət arasında məktəbin gigiyena qaydalarına riayət etməməsi, natəmizlik olması, şagirdlərə laqeyd münasibət göstərilməsi ilə bağlı şübhələr yaranıb.

Bundan sonra bir sıra media orqanları hadisəni araşdırmaq üçün internat məktəbinə üz tutublar, reportajlar hazırlanıb. Uşaqların tualetdə soyuq su ilə çimizdirilməsindən bir müddət əvvəl isə həmin müəssisədə Surxay adlı uşağın internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırması barədə məlumatlar yayılmışdı.

Olanlardan sonra direktor Gülnarə Abdullayeva mətbuata qalmaqallı açıqlama verib. Xanım direktor açıqlamasında bildirib ki, t\əmsil etdiyi təhsil müəssisəsində olan yataqlar heç bəzi zəngin ailələrinin evində yoxdur: “Gəlib gözlərinizlə görə bilərsiniz ki, uşaqlar necə səliqəli saxlanılır. Sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsinə xüsusi diqqət edilir. Onların təmiz paltarları var, iki qat yataqları var. Hansı ki, zəngin ailələrdə belə yataqlar yoxdur. Xalçalarımız vaxtaşırı yuyulur. Uşaqlar klassik musiqi konsertlərinə, operaya aparılır”.

Həmçinin qalmaqallı məsələlərdən biri də 2020-ci il fevral-mart aylarında meydana gəlib. Belə ki, 11 saylı internat məktəbi içməli su ilə bağlı tender élan edib. Tenderdə sahibi Miriyev Famil Şamil oğlu olan “Dostluq Servis” MMC qalib olub. Onunla məktəb arasında 2020-ci il martın 16-da 80 min manatlıq müqavilə imzalanıb. Bundan əvvəl isə internat məktəbi çirkab suların daşınması üçün tender élan edib. Bu zaman da sahibi Miriyeva Nailə Mais qızı adlı sahibkarın “Anar Servis” MMC adlı şirkəti tenderin qalibi olub. Onunla da həmin il fevralın 21-də 22 min manatlıq müqavilə bağlanıb. Adı çəkilən hər iki tender qalibi Binəqədi rayonu Azadlıq prospekti, ev 187, mənzil 79 ünvanında dövlət qeydiyyatına alınıb. Bu məsələdə qaranlıq qalan məsələ isə internat məktəbinin nəyə görə 1-2 həftə ərzində eyni ailəyə məxsus olduğu iddia olunan şirkətlərlə 100 minlik müqavilə bağlamasıdır.

Bu iddia ilə bağlı isə Gülnarə Abdullayeva açıqlama verərək iddiaları rədd etmiş və hətta həmin məqaləni dərc edən mətbu orqan haqqında ittihamlar səsləndirmişdi.