Baş nazir “zavallı siyasətçi” qismində: Növbəti səhvlər nəyə səbəb olacaq?backend

Baş nazir “zavallı siyasətçi” qismində: Növbəti səhvlər nəyə səbəb olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını ən çox istəyən ölkə Azərbaycan, prezident isə cənab İlham Əliyevdir. Bu sözdə deyil, əməli fəaliyyətdə də özünü göstərir. İstər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelle olan görüşlərində, istər Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan çıxışlarında, istərsə də Vladimir Putinin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə və digər beynəlxalq tədbirlərdə ölkə başçısı hər fürsətdə sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın gördüyü işləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.


Politoloq Azərbaycanın sülh danışıqları üçün təqdim etdiyi 5 maddədən ibarət baza prinsipinin əhəmiyyətinə də toxunub:

“Bütün beynəlxalq təşkilatlar, bir çox ölkələr bu sülh prinsiplərini dəstəklədiklərini bildiriblər. Bu sənədin həm də Ermənistan rəhbərliyi tərəfindən də bəyənildiyi dilə gətirilib. Beləliklə sənəd müasir dövrün bütün beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanmış bəndlərdən ibarətdir. Ona görə də hesab edirəm ki, sülh müqaviləsi imzalanacağı təqdirdə bu sənəddən istifadə olunacaq”.

Politoloq hesab edir ki, Ermənistan baş naziri bu məsələlərdə özü qərar verməkdə maraqlı deyil:

“O, hansısa qüvvənin tapşırığı ilə hərəkət edir. Nikol Paşinyan sözün əsl mənasında zavallı bir siyasətçidir. Onun sanki özünün müstəqil şəkildə qərar vermək hüququ yoxdur. Baş nazir ya Makron, ya Putin, ya Şarl Mişelin bəyanatlarına əsasən fikir bildirir və ya ona uyğun addımlar atır. Belə ölkə başçısı olmaz. Bu şəxs artıq öz siyasi xəttini kimlərinsə fikirlərinə əsasən qurub. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni təxribatçılarının qanunsuzluqları davam edir və Azərbaycan Ordusu buna cavab olaraq lazımi yüksəklikləri ələ keçirdi. Beləliklə biz göstərmiş olduq ki, erməni təxribatlarına hər zaman layiqincə cavablar veriləcək. Bundan sonra təxribatlara qarşılıq olaraq “Qisas əməliyyatları” davam etdiriləcək. Artıq Ermənistanda qalan əhali də ölkəsini tərk edib qonşu ölkələrə sığınacaq üçün müraciət edir. Paşinyan və hakimiyyətdə təmsil olunan digər rəsmi şəxslər də bunu çox yaxşı bilir. Artıq Ermənistan qəti şəkildə öz qərarlarını verməli, Azərbaycanın təqdim etdiyi 5 baza prinsiplərinin əhatə olunduğu sülh sənədini qəbul etməli, İlham Əliyevin dediyi kimi 29 min kvadrat metrdə yaşamaq hüququ əldə etməlidir. Əks təqdirdə Ermənistan üçün nəticələri çox ağır olacaq. Bundan da ən çox erməni əhalisi əziyyət çəkəcək. Bu gün Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyada, digər tərəfdən Fransada olan qüvvələrin təsirindən qızışıb müəyyən təxribatçı addımlar atır. Növbəti səhvlər Paşinyan və onun hakimiyyəti üçün baha başa gələcək”.

//Gülnarə Abasova, Editor.az