“COP29-un gələn il ölkəmizdə keçirilməsi həm siyasi, həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edən tədbir olacaq”.
Bu sözləri Editor.az-a COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı danışarkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan indiyə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu tədbirlərin hər biri yüksək peşəkarlıqla həyata keçirilib:
“Təbii ki, baş tutan tədbirlərin hər birinin siyasi və iqtisadi əhəmiyyətləri mövcuddur. İlk növbədə Azərbaycan dövlətinin gücü, qüdrəti, Bakı şəhərinin yaxşı infrastruktura malik olması, gələn qonaqların yüksək peşəkarlıqla qarşılanması kimi bir çox məqamlar dünya ölkələrinə bir nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu cür tədbirlərə çox yüksək səviyyədə ev sahibliyi edib. Əminəm ki, bundan sonra keçiriləcək tədbirlər də Azərbaycanın adına layiq formada baş tutacaq. COP29 isə böyük miqyaslı bir tədbirdir və xeyli sayda iştirakçının ölkəmizə gəlməsi böyük əhəmiyyət daşıyır. Ölkə başçısı bu günlərdə nazirlərlə keçirdiyi müşavirədə də qarşıya çox ciddi və məsuliyyətli vəzifələr qoydu.
Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizdə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində dünyaya öz gücünü və qüdrətini göstərdi. Biz ərazi bütövlüyünü və ölkənin suverenliyini tam bərpa etdik və bu tədbir ilk dəfə olaraq bütöv, suveren, bütün ərazilərdə Azərbaycan hakimiyyət orqanlarının bərqərar olduğu şəraitdə keçiriləcək. Əminəm ki, COP29 xalqımızın tarixində növbəti fəxr duyulacaq tədbir olacaq”.
//Səbinə Hüseynli, Editor.az

