Baş verən 10 hadisədən 7-si ÖRT-BASDIR edilir: “Vəziyyət bizim düşündüyümüzdən də ağırdır, Təhsil Nazirliyi bunu etiraf etməlidir”backend

Baş verən 10 hadisədən 7-si ÖRT-BASDIR edilir: “Vəziyyət bizim düşündüyümüzdən də ağırdır, Təhsil Nazirliyi bunu etiraf etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəblərdə şagirdlər, xüsusilə qızlar arasında bıçaqlama hadisələrinin baş verməsi sadəcə dəhşətdir. Övladlarımızın təhsil ocağında bıçaqla gəzməsi təhlükə arealının genişliyini bizə göstərir. Bu tip hadisələrdə günahı onun ətrafı, dost mühiti, ailəsi, təhsil aldığı məktəb, cəmiyyətdə axtarmaq lazımdır”.

Bu sözləri Editor.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Sosioloq bildirib ki, şagirdlərin etdiklərinin səhvini birmənalı şəkildə məktəbə və ya valideynə yükləmək doğru deyil:

” İki ildir ki, valideynləri məktəbdən təcrid ediblər, məktəbin qapısından içəri girmək mümkün deyil. Məsələn,  övladımızı 3-cü dərsdən icazə alıb götürmək istəyirik, buna görə səni uzun bir prosedur gözləyir. Məktəblərdə bu istiqamətdə bürokratik sistem yaradılıb. Bu məsuliyyət niyə təhsildə yoxdur? Baş verən belə hadisələrdə valideyn, müəllimləri  günahlandırmaq hər zaman asan çıxış yoludur. Valideyn evdə övladının öhdəsindən gələ bilmir, tərbiyəsində təlimində problem yaşayır. Uşağın yeniyetmə  çağında bu problemlər daha çox olur. Aqressiv yeniyetməni ram etmək, təlim-tərbiyəsinə nəzarət etmək çətin olur. Ona görə də valideynlərin məktəblə, müəllimlərlə birbaşa ünsiyyətini bərpa etmək mütləqdir. Whatsapp valideyn -müəllim münasibətini ləğv etmək lazımdır. Bu problemləri onlayn həll etmək olmur. Valideynlər öz övladlarının müəllimlərini ayda bir dəfə belə görə bilmirlər. Bu halda biz problemlərimizi necə həll edək? Bunu kiminlə müzakirə edək?”.

Lalə Mehralının sözlərinə görə, ıvladlarımızın izlədikləri youtube kanalları, üzv olduqları sosial şəbəkələr, real həyatda dostluq etdiyi şəxslər məktəblərdə bu tip  hadisələrin baş verməsində özünü ciddi şəkildə göstərir:

“Bizim uşaqlarımızın kumiri, idealı kimdir?  “Vorzakonlar, “qanuni oğrular”… Bəzi valideynlər övladlarının doğum günlərində qanuni oğruların, cinayətkarların simvollarını tortlarında əks etdirirlər.  Sonra da hərkəsi ittiham edərək günahkar  axtarırlar. Əvvəlcə öz gözümüzdə tiri görək, sonra başqasının gözündə saman çöpü axtaraq. Təhsil sistemi bu gedişlə  gözümüzün qabağında çöküşə doğru gedir”.

Müsahibimiz qeyd edib ki, belə hadisələrdə təhsil ekspertlərinin, tənqidçilərin, rəyləri  fikirləri ciddi nəzərə alınmalıdır:

“Təhsil Nazirliyi bunun öhdəsindən gələ bilmir və heç kəsi də bu məsələlərə qarışdırmaq istəmir. Axı bacarmadığın bir işi etiraf etmək lazımdır. Azərbaycanda məktəblərdə artıq hər kəs əlinə bıçaq alıb qətl törədə biləcək. Vəziyyət bizim düşündüyümüzdən də ağırdır. Təhsil Nazirliyi bunu etiraf etməlidir. Hadisələri ört-basdır etməklə deyil. Sizi əmin edim ki, 10 hadisədən 6-7si gizlədilir. Məktəblərdə vəziyyət dəhşətdir.  Hadisə elə bir vaxtda mətbuata çıxır ki,  artıq onu gizlətmək mümkün olmur. Çarəsiz olub etiraf edirlər”.

//Gülnarə Abasova, Editor.az