“Tarixən Türkiyə-Rusiya münasibətləri enişli- çıxışlı olsa da iki ölkəni mehriban düşmən kimi xarakterizə etmək olar. Türkiyə öz tarixinin son yüz illərində Rusiya ilə irili-xırdalı 10-dan çox müharibə edib. Son rus-türk müharibəsində Sarıkamışda müxtəlif mənbələrdə müxtəlif də olsa 90min türk mehmetçiyinin qış şərtlərində donaraq həlak olduğu gerçəyi belə vardır”.
Bu fikirləri politoloq Azər Qasımov Editor.az-a açıqlamasında regionda baş verən gərgin proseslər fonunda Rusiya-Türkiyə münasibətlərini şərh edərkən deyib.
Politoloq Sovet İttifaqı dövründə Türkiyənin NATO üzvü olması səbəbindən müdafiə üçün SSRİ-nin cənub sərhədlərində iki diviziya saxladığını deyib. Onun sözlərinə görə, söz etdiyi dövrdə də Rusiya-Türkiyə münasibətləri iqtisadi sahədə davam edirdi:
” Rusiya Türkiyədə bir sıra zavod və fabriklər inşa edir, dirçəlməsinə şərait yaradırdı. Müasir dövrdə Türkiyə-Rusiya münasibətlərini praqmatik adlandırmaq olar. Tərəflər reallıqlarından çıxış edib, əsas iqtisadi maraqları önə çəkərək siyasi arenada da qarşılıqlı əməkdaşlıq etmək yolunu tutublar. Buna bir növ məcburi əməkdaşlıq da desək yanılmarıq. Tərəflər bir-birilərindən istifadə etməklə münasibətlərini dostluq səviyyəsində saxlamağa çalışırlar. Əslində hər ikisi ümümi rəqib hesab etdikləri ABŞ-ın yürütdüyü siyasətə qarşı bir yerdə olmağa çalışırlar. ABŞ hər iki ölkəni müxtəlif səbəblərdən də olsa təzyiq altında saxlayır. Hal-hazırda iki ölkənin Ukrayna müharibəsi ilə əlaqəli münasibətləri birmənalı qarşılanmasa da istər Türkiyə, istərsə də Rusiya bu əlaqələri dərinləşdirməyə üstünlük verirlər. Əslində bunda qeyri-adi bir şey yoxdur. Ölkələr bir-biri ilə qonşu hesab edilirlər sərhədləri olmasa belə… Qarşılıqlı iqtisadi əlaqələr hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət edir.Təbii ki, Rusiyanın Ukraynada işğalçı və regionumuzdakı destruktiv fəaliyyətləri onunla münasibətlərin dərinləşdirilməsini əxlaqi cəhətdən qəbuledilməz edir, amma hesab etmək olar ki, Rusiyanın bu hərəkətləri ilk növbədə onun özünə zərbə vurur. Cəzasını da özü çəkəcək, amma həm xammal ölkəsi, həm də hələlik siyasi və hərbi güc kimi onunla münasibətlərdə loyal olmaqda xeyir vardır”.
//Gülnarə Abasova, Editor.az

