Baş verən terror hadisəsi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?-Millət vəkilləri ŞƏRH EDİRbackend

Baş verən terror hadisəsi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?-Millət vəkilləri ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Azərbaycan səfirliyinə edilən terror hücumu ölkəmizdə bu ölkəyə qarşı düşmənçilik hisslərini artırıb.  Onsuz da İran-Azərbaycan münasibətlərinin gərgin olduğu halda bu hadisənin baş verməsi hansısa qarşıdurmanın olub-olmayacağı sualını doğurur. Birinci dəfə deyil ki, xarici ölkələrdə Azərbaycan səfirliklərinə qarşı bu cür təxribat hadisələri baş verir.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, İranın Tehran şəhərində Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınayır: “ Bu,  bəzi İran hakimiyyət dairələrinin dediyi kimi ailə məişət zəmnində deyil. Bu bilavasitə terrordur. Müstəqil dövlətin ərazisinə silahlı hücumdur. Başqa adı yoxdur”.

Deputatın fikrincə, hadisədə məsuliyyət İran hakimiyyətinin üzərinə düşür:

” 44 günlük müharibədən sonra tarixi Zəfərimizi həzm edə bilməyən Tehran maskasını cırıb əsl simasını nümayiş etdirdi. Sırf Ermənistana verdiyi dəstək, Azərbaycan və rəsmi İrəvan arasında əldə olunmuş razılıqların, bəyannamələrin icrasına maneçilik, konkret olaraq Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqla öz məkrli niyyətlərini ortaya qoydular. Buna görə də İran və Azərbaycan münasibətləri çox həssas dövrünü yaşayır. İranın düşmənçilik siyasəti son 30 ildə olduğu kimi pərdəarxası deyil, açıq şəkildə aparılır. Bu terror hadisəsini Tehran hakimiyyət orqanlarının ailə-məişət zəmnində baş verdiyini vurğulaması hadisəyə olduqca primitiv və qərəzli yanaşmadır. Ümumiyyətlə, dünya praktikasında belə vəziyyət yoxdur ki, ailə-məişət zəmnində xarici ölkənin səfirliyinə silahlı hücum təşkil olunsun. Beynəlxalq hüququn normalarına və milli qanunvericiliyə görə bunun adı terrordur. Orada xarici ölkənin vətəndaşı dövlət qulluğunda öz vəzifəsini yerinə yetirən şəxs qətlə yetirilib, bir nəfər isə xəsarət alıb. Ona görə İran burada bilavasitə məsuliyyət daşıyır”.

N.Məhəməliyev qeyd edir ki, beynəlxalq birlik, dünya dövlətləri hadisəyə münasibət bildirməlidir:

” Bu terror aktı şiddətlə qınanmalıdır. İran bu hadisəni obyektiv və ədalətli şəkildə araşdırmalı, Azərbaycan hüquq mühafizə orqanlarının nümayəndələrini də araşdırmalara cəlb etməlidir. Əks halda bunu biz beynəlxalq müstəviyə çıxartmalı, hüquqi addımlar atmalı və İranın terrorçu mahiyyətini dünya ictimaiyyətinə bir daha çatdırmalıyıq. Rəsmi Tehranın cəzalandırlmasını tələb etməliyik”.

Hadisəyə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev isə qeyd edir ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti İran tərəfindən veriləcək açıqlamanı gözləyir:

” İran bunu necə qələmə verəcək, hansı sözlərlə izah edəcək? Bundan sonra Azərbaycanın da məsələ ilə bağlı açıqlaması olacaq və münasibətlərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq olar. Bu məsələnin müharibə həddinə çatacağını zənn etmirəm”.

//Safura Bənnayeva, Editor.az