“Başlarından böyük” bəyanatları ilə onlar heçnəyə nail ola bilməyəcəklər: “Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdikdən sonra…”backend

“Başlarından böyük” bəyanatları ilə onlar heçnəyə nail ola bilməyəcəklər: “Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdikdən sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan sərhədində son dövrlər atəşkəs rejiminin pozulması ilə bağlı halların intensivləşməsi təsadüfi deyil. Aprel və may aylarında Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə üçtərəfli görüşü keçiriləndən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün müəyyən razılaşmalar əldə olundu və bundan sonra Ermənistanda siyasi vəziyyət gərginləşməyə başladı. Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarına start verdi”.

Bu sözləri Editor.az-a politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, Ermənistanda  ay yarım davam edən etiraz aksiyaları nəticəsiz qaldı:

“Aksiyalara əhalinin etinadsız münasibəti, say azlığı müxalifətin küçə mitinqləri ilə hakimiyyəti dəyişdirmək, Brüsseldə əldə olunan razılaşmaların həyata keçirilməsinə mane olmaq kimi niyyətləri puça uğradı.
İndi isə həmin revanşist qüvvələr məqsədlərini həyata keçirmək üçün başqa yollara əl atmağa çalışırlar. Bu da dövlət sərhədində Azərbaycan hərbi birləşmələrinin Ermənistan tərəfindən atəşə tutulması hallarının intensivləşməsinə gətirib çıxarır. Bu kimi təxribatların olacağı məlum idi. Revanşist qüvvələr prosesi əngəlləmək üçün bütün variantlara əl atacaqlarını bildirmişdilər. Ermənistan ordusunda da hal-hazırda da Rusiyaya meyilli, Koçaryan, Sarkisyan  klanına yaxın olan xeyli sayda qüvvələr var.  Onların əli ilə müxtəlif təxribatlar törətməkdə davam edəcəklər. Bu gözlənilən bir hal idi. Digər tərəfdən Azərbaycan tərəfinin Laçından yan keçməklə alternativ yolun çəkilişinin çox sürətlə həyata keçirməsi və onun yaxın zamanlarda istifadəyə veriləcəyi, həmin yolun keçəcəyi ərazidə Ermənistanla sərhəddə Azərbaycanın gömrük keçid məntəqəsinin qurulacağı  ilə bağlı məsələlər Ermənistanın daxilində ciddi təşvişə səbəb olub. Paralel olaraq ermənilərin Laçında talançılıqla məşğul olması, Laçın koridoruna alternativ yol istifadəyə verildikdən sonra rayon mərkəzini tərk etməmək, müqavimət göstərməklə bağlı çağırışları yayılmağa başlayıb. “Başlarından böyük” bəyanatları ilə gərginliyi artırmağa hesablanmış addımlardır. Azərbaycan buna cavab olaraq indiyə qədər yürütdüyü siyasəti davam etdirməlidir. Hesab edirəm ki, Azərbaycanın maraqlarına zidd bu cür təxribatçı addımların ciddi şəkildə qarşısı alınacaq. Necə ki, Kəlbəcər istiqamətində erməni silahlı birləşmələri  yerindəcə susdurulub. Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdikdən sonra orada baş qaldıracaq müqavimət ocaqları dərhal  məhv ediləcək. Bunu ya Qarabağda  sülhməramlı adı altında fəaliyyət göstərən Rusiya hərbiçilər, ya da Azərbaycan Ordusu  özü həyata keçirəcək”.

//Gülnarə Abasova, Editor.az