“Başlayan kimi fiasko ilə bitdi” – Putinin baş tutmayan hərbi planıbackend

“Başlayan kimi fiasko ilə bitdi” – Putinin baş tutmayan hərbi planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hərbi əməliyyatların operativ teatrındakı mənzərə Rusiyanın müharibədə əhəmiyyətli irəliləyişlər əldə edə bilməməsini göstərir. Rəsmi Moskva, Rusiya rəhbərliyi və xüsusilə də rus mediasındakı təbliğatçılar “uğurlu irəliləyişlər”, “sıralanan qələbələr” barədə istədikləri qədər danışa bilərlər. Reallıq isə budur: Rusiya Prezidenti Vladimir Putinin bəyan etdiyi “xüsusi hərbi əməliyyatın ikinci mərhələsi” başlayan kimi fiasko ilə bitdi”.

Bunu jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, Donetsk və Luqanskda Ukrayna ordusunun 48.5 minlik qruplaşmasını tam mühasirəyə alacağına “çox az vaxt” qaldığını vurğulayan Rusiya müdafiə naziri Sergey Şoyqu indi kiçik taktiki uğurlarla kifayətlənmək məcburiyyətindədir:

“Ukraynada müharibə başlayandan bəri Rusiya heç bir iri yaşayış məntəqəsinə tam nəzarətə nail olmayıb. İşğal edilmiş şəhərlərdə partizan hərəkatı genişlənir, inetnsiv şəkildə diversiya və “vur-qaç” taktikası ilə döyüşən ukraynalıların ağır, dəqiq zərbələrindən ciddi itkilər verən rusiyalılar ərazilərə nəzarət edə bilmirlər.

Ehtimal edirəm ki, Donbas uğrunda döyüşlər avqustun ortalarınadək davam edəcək. Əsas səbəb Rusiyanın müharibəyə cəlb etdiyi şəxsi heyət və texnikanın sayıdır. Kəmiyyət baxımından hərbi əməliyyatlar teatrında ukraynalılarla rusiyalıların sayı eynidir. Keyfiyyət baxımından isə rusiyalılar uduzurlar.

“Ucuz, amma çox keyfiyyətli” təki onillər boyu reklam edilən və təriflənən Rusiya hərbi texnikasının müasir Qərb silahları ilə texnikası qarşısında duruş gətirə bilmədiyi, rusiyalıların tanklarının hətta 1980-ci illərin tank əleyhinə raket sistemləri ilə vurularaq kibrit qutusu kimi yanmaları, rusiyalı əsgərlərin döyüş ruhunun və hazırlıq səviyyəsinin çox aşağı olması göz qabağındadır”.

Elçin Alıoğlu qeyd edib ki, Rusiyanın “dünyada misli-bərabəri olmayan” ən son, ən müasir silahları ilə texnikasının tam, total olaraq Qərb və Cənub-Şərqi Asiya ölkələrindən alınmış komponentlər əsaslı olduğu aydınlaşıb:

“Hətta “mifik silah” kimi təriflənən “Kalaşnikov” avtomatlarının belə, Fransa və Belçika istehsalı olan avtomatik tüfənglərlə müqayisədə “dayandoldurum”dan savayı bir nəsnə olmadığı aydındır. Rusiyanın hərbi-sənaye kompleksinin imicinə İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusu ağır zərbə vurmuşdusa, Ukraynadakı müharibə Rusiyanın zirehli arabalarının keyfiyyətsizliyini ortaya qoydu. Bu isə Rusiyanın dünya silah, sursat və texnika bazarında indiki mövqelərini az sonra itirəcəyini labüd edir.

Bundan başqa, Ukraynada rusiyalılar məhz ukraynalıların diqtə etdiyi şərtlər çərçivəsində vuruşmaq məcburiyyətindədir. Ukrayna ordusu hərbi birliklərin heyətlərini yeniləyir. Qərbin yolladığı silah, sursat və hərbi texnika da öz yerində. Bunun müqabilində Rusiya Ukraynadakı döyüşlərə 30-35 ilin tanklarını “renovasiya” edib yollayır, Donetsk və Luqanskda küçələrdə tutduğu kişiləri “könüllü” adıyla müharibəyə göndərir.

Çeçenistan Prezidenti Ramzan Kadırovun tez-tez təriflərəyərək vəsf etdiyi “kadırovçular”dansa danışmağa dəyməz: bu tiktok döyüşçülərinin hərbi hazırlıq səviyyəsi və döyüş bacarıqları yalnız Rusiya ordusunun ələ keçirdiyi yaşayış məntəqələrində “polisay”lıq etməyə yetir.

Ukraynadakı müharibə üzücü, intensiv mərhələyə qədəm qoyub. Tərəflərdən heç biri əzici üstünlük əldə etmək iqtidarında deyil”.

Jurnalistin fikrincə, Ukrayna müharibəsi Rusiyanın hərbi-siyasi rəhbərliyinə sərf edir:

“Kremldə kimsə müharibənin tezliklə başa çatmasını istəmir. Çünki müharibə Solovyov və Simonyan kimi mənəviyyatsız təbliğatçıları, “casus və düşmən” axtarışlarında olan yarıtmaz xüsusi xidmət strukturlarını, enerjidaşıyıcıları, metal, gübrə, taxıl və s. ixracatı sahəsindəki böyük şirkətləri yemləyir. Ukraynada ölən, torpağa qarışan mişalar, saşalar, lyoşalar Moskvada kimsənin vecinə deyil.

Bir sözlə, kütləni isteriya və vətənşüvənlik psixozu həddinə çatdırmışlar hallarından razıdır, çünki müharibə onlar üçün siyasi divident, hakimiyyəti qorumaq və gəlir vasitəsidir”.

Teleqraf.com