ABŞ prezidenti Co Bayden Venesuelada yeni seçkilərin keçirilməli olduğu fikrini bildirib.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərə bildirib. Seçkilərin qalibi elan edilən hazırkı Venesuela prezidenti Nikolas Maduroya hansı mesajı göndərdiyi ilə bağlı suala Bayden təkrar seçki çağırışlarını dəstəklədiyini bildirib. O, bu məsələ ilə bağlı əlavə şərh verməyib.
Bundan əlavə, ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin direktor müavini Vedant Patel Vaşinqtonun Maduroya təzyiq göstərməyə çalışdığını qeyd edib. Amerika tərəfinin məlumatına görə, seçkilərdə səslərin əksəriyyətini sağ partiyaların namizədi Edmundo Qonzales Urrutia toplayıb. Lakin Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin açıqladığı kimi, Birləşmiş Ştatlar onu hələ qalib elan etməyəcək.
Maduro isə daha əvvəl bildirmişdi ki, ABŞ-ın başqa ölkələrdə seçki komissiyası ola bilməz. O, ABŞ-ın Venesuellanın və ya dünyanın hər hansı digər ölkəsinin seçki gücünə çevrilmək cəhdini qəti şəkildə rədd edir. Onun sözlərinə görə, ABŞ bir çox daxili problemləri ilə məşğul olmalıdır.
//Gülnarə Abasova, Editor.az