Konqresdə Ukraynaya maliyyə yardımı istəyinə dəstək tapa bilməyən ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evə çağırıb.
Editor.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının mətbuat xidmətinin paylaşdığı məlumatda deyilir.
Ağ Ev əlavə edib ki, Bayden və Zelenski Ukraynanın ehtiyaclarını və kritik olaraq xarakterizə edilən bu müddət ərzində ABŞ-ın Kiyevə dəstəyinin davam etdirilməsinin vacibliyini müzakirə edəcəklər. Ukrayna prezidenti Zelenskinin ofisi Vaşinqtonda müzakirə olunacaq əsas məsələlərin Ukrayna ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu qeyd edərək xüsusilə silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı, eləcə də müştərək layihələrin həyata keçiriləcəyini bildirir.
Bu yaxınlarda çıxış edən Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Kiyevə yardım üçün ayırdığı maliyyənin bir neçə həftə ərzində tükənəcəyini etiraf edib.
//Gülnarə Abasova, Editor.az

