Baydendən Rusiyanı QƏZƏBLƏNDİRƏCƏK ADDIM: “Ukraynaya yeni raket sistemləri göndərilir”backend

Baydendən Rusiyanı QƏZƏBLƏNDİRƏCƏK ADDIM: “Ukraynaya yeni raket sistemləri göndərilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden “New York Times” qəzetinə “Amerikanın Ukraynada etdiyi və edilməyəcəkləri” adlı məqalə yazıb. Rusiya-Ukrayna müharibəsinin 4-cü ayına girdiyinə işarə edən Bayden məqalədə “Ukrayna xalqı cəbhədəki fədakarlıqları, mətanətləri və uğurları ilə Rusiyanı təəccübləndirdi və bütün dünyanı ruhlandırdı” ifadələrini işlədib. Digər ölkələrin Ukraynaya həm hərbi, həm humanitar, həm də maliyyə dəstəyi verdiyini qeyd edən Bayden ABŞ-ın bu müharibə ilə bağlı mövqeyini açıqlayıb. “ABŞ-ın məqsədi bəllidir: biz özünü gələcək təhdidlərdən qoruya bilən demokratik, müstəqil, suveren və firavan Ukrayna istəyirik”. Bayden bu ifadələrin ardınca bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin dediyi kimi, bu müharibənin sonunda demokratiya qalib gələcək.

Bayden ABŞ-ın Ukraynaya verdiyi silahlarla bu ölkənin əlini danışıqlar masasında gücləndirməyi hədəflədiyini də qeyd edib.

Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemləri, İHA və Mi-17 kimi qabaqcıl silahları Ukraynaya göndərməyə davam edəcəklərini bildirib.

Eyni zamanda, ABŞ Prezidenti ərzaq böhranının pisləşməsinin qarşısını almaq üçün tərəfdaşları ilə çalışacağını, digər tərəfdən də Avropanın yanacaqlar üzrə Rusiyadan asılılığını azaldacağını da bildirib. NATO-nun şərq cinahını gücləndirməyə davam edəcəklərini bildirən Bayden, “Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətini də alqışlayıram. Bu addım bütün ABŞ və trans-Atlantik ölkələrin təhlükəsizliyini daha da artıracaq”,- fikirlərini bölüşüb.

Dünyada bir çox insanın nüvə silahının istifadəsindən narahat olduğuna diqqət çəkən Bayden bir sıra qaranlıq məqamlara da aydınlıq gətirib:

“Hazırda biz Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətinin olduğuna dair heç bir şey görmürük, lakin Rusiyanın bu mövzuda ritorikası təhlükəli və məsuliyyətsizdir. Açığını deyim ki, bu münaqişədə istənilən ölçülü nüvə silahından istifadə edilməsi v qətiyyən qəbuledilməzdir və bunun nəticələri çox ağır olacaq”. ABŞ xalqının bundan sonra da Ukrayna xalqının yanında olacağını bildirən Bayden Putinin belə bir birliyi gözləmədiyini də xüsusi vurğulayıb.

//Gülnarə Abasova, Editor.az