Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Bayraktar Akıncı” pilotsuz təyyarələrinin Ukraynaya transferi məsələsini nəzərdən keçirdiyini bildirib.
Editor.az-ın məlumatına görə, o aydınlaşdırıb ki, Ukraynada bu və ya digər tipli PUA istehsalı üçün Türkiyə hökumətindən icazə almaq lazımdır. “Bayraktar Akıncı”ya gəlincə, bildiyim qədər bu məsələ nəzərdən keçirilir”, -deyə Bayraktar “Azadlıq” radiosuna müsahibəsində bildirib.
Yeni PUA-ların mümkün göndərilməsinin vaxtı dəqiqləşdirilməyib. Xatırladaq ki, iyul ayında Türkiyə və Ukrayna pilotsuz təyyarələrin birgə istehsalının inkişafına dair memorandum imzalayıb.
Elə həmin ay Ukraynada “Bayraktar” pilotsuz uçan aparat istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Haluk Bayraktar 2025-ci ildə ölkədə “Bayraktar” TB2 və “Bayraktar Akıncı” istehsalına başlamağı gözlədiyini söylədi. Türk istehsalçı zavoda 100 milyon dollar sərmayə qoyacaq.
//Samir Qurbanov, Editor.az

