“”Bayraktar TB2″pilotsuz uçuş aparatlarının Azərbaycanda da istehsalı gözləniləndir”backend

“Bayraktar TB2”pilotsuz uçuş aparatlarının Azərbaycanda da istehsalı gözləniləndir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq İclası öz işinə başlayıb.

İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

İclasla bağlı fikirlərini Editor.az-a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, hərbi dialoq iclası Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin yeni bir mərhələsindən sonra keçirilən ilk hərbi dialoq iclasıdır:

“Ötən il də bu iclas çox uğurla həyata keçirilmişdir. İki qardaş ölkənin hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımdan çox faydalıdır. Mütəmadi olaraq Azərbaycan hərbi qulluqçuları Türkiyənin hərbi akademiyalarında təhsil alaraq öz peşəkarlığını artırırlar. Azərbaycan- Türkiyə arasında hərbi sahədə yeni addımların atılması ilə bağlı proqnozlar var”.

İlyas Hüseynov qeyd edib ki, Vətən müharibəsində özünü effektiv şəkildə göstərən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının Azərbaycanda da istehsalı gözləniləndir:

“Azərbaycan səmasının etibarlı şəkildə mühafizəsini təşkil etmək üçün Bayraktar pilotsuz uçuş aparatlarının Azərbaycanda da istehsal olunmasına ehtiyac var. Biz müşahidə edirik ki, PUA-lar dünya miqyasında da yetərincə əhəmiyyətlidir. Bir sıra dövlətlər artıq bununla bağlı öz sifarişlərini ediblər. Hərbi sənaye komplekslərin müştərək şəkildə istehsalı Azərbaycan- Türkiyə arasında hərbi strateji münasibətləri möhkəmləndirəcək. Eyni zamanda, Azərbaycanda PUA-ların istehsalının iqtisadi əhəmiyyəti də nəzərə alınmalıdır”.

Politoloq bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Bakıya səfəri gözlənilir: ” Səfər zamanı Ağdamın Mərzili kəndi yaxınlığında yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıla bilər.
Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması ilə bağlı məsələ uzun müddətdir gündəmdədir. Ərdoğanın səfəri zamanı Qardaş Türkiyənin hərbi bazasının yaradılması məsələsi müzakirə edilə bilər. Belə bir təşəbbüs isə ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi xarakteri daşıyır”.

Siyasi analitik qeyd edib ki, Türkiyə Azərbaycan qardaşlıq münasibətləri dərin təməllər üzərində qurulub:

“Müxtəlif sahələrdə həyata keçirilən təmaslar bu münasibətləri daha da gücləndirir. Dünyada heç bir dövlətlər arasında bu cür bağlılıq müşahidə olunmur”.

Gülnarə Abasova, Editor.az