“Azərbaycanda bayramlar ərəfəsində ənənəvi olaraq bazarda bahalaşma müşahidə edilir. Baxmayaraq ki, dünyanın əksər inkişaf etmiş ölkələrində bayramlar zamanı xüsusən ərzaq məhsullarının qiymətlərində endirimlər olur. Məsələn, ABŞ-da Şükran bayramında ən çox istifadə olunan ərzaq məhsullarının qiymətlərində sahibkarlar tərəfindən güzəştlər olunur. Əsas məqsəd ondan ibarətdir ki, daha çox məhsul satışı həyata keçirilsin və hər bir vətəndaş ərzaqla təmin oluna bilsin. Ancaq təəssüf ki, bu tendensiya Azərbaycanda fərqlidir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda bayramqabağı qiymətlər kəlləçarx olur:
“Yeni il bayramı ərəfəsində də xüsusilə ərzaq məhsullarına olan tələbat süni qiymət artımına gətirib çıxarır. Ona görə də dövlət qurumları tərəfindən bayram ərəfəsində qiymət artımlarının qarşısının alınması ilə bağlı fəaliyyətin genişləndirilməsi vacibdir. Bununla bağlı həm sahibkarlarla u istiqamətdə təbliğat xarakterli görüşlərin keçirilməsinə, maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var. Eyni zamanda, istehlak bazarında qiymətlərin tənzimlənməsi üçün monitorinqlərin sayının artırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsinə də ehtiyac duyulur. Digər tərəfdən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən istehlak bazarına daxil olacaq məhsulların həcminin artırılması və daha sonra fermerlərin öz kənd təsərrüfatı məhsullarının paytaxt bazarlarına birbaşa çıxışının artırılmasının təmin edilməsi vacibdir. Bu bazarda kənd təsərrüfatı məhsullarındakı qiymət artımının qarşısını alacaq. Bu baxımdan müvafiq dövlət qurumları “Yeni il” bayramı ərəfəsində bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsinə diqqət etməlidir “.
//Gülnarə Abasova, Editor.az