Bayram tonqalını Xankəndidə yandırdıq: “Bu, bizim üçün böyük sevincdir”backend

Bayram tonqalını Xankəndidə yandırdıq: “Bu, bizim üçün böyük sevincdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Suverenliyimizin tam bərpa edilməsi nəticəsində bayram tonqalını Xankəndidə yandırmaq bizə nəsib oldu. Artıq 4 ildir ki, biz tonqallarımızı azad olunmuş torpaqlarımızda yandırırıq. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində biz bu sevinc günlərini yaşayırıq”.

Bunu Editor.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını təbriki ilə əlaqədar etdiyi çıxışda da bildirdiyi kimi xalqımız artıq bayramları öz ata-baba yurdlarında qeyd edə bilirlər. Bu isə bizim üçün böyük xoşbəxtlikdir. Azad olunmuş torpaqlarımızda artıq geniş quruculuq işləri aparılır. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Azərbaycan bu gün elə bir gücdədir ki, qarşıya qoyulan bütün məqsədlərə çata bilir. Cənab prezidentin düzgün siyasəti nəticəsində biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz bunu göstərdik və qalib gəldik. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında reallaşdırdıq. Budur, artıq Azərbaycanın torpaq problemi yoxdur. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Bizim üçün fəxrdir ki, özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmağa məcbur olacaq. Əks halda isə artıq biz öz bildiyimiz yolla hər kəsə lazımi cavab vermək iqtidarındayıq”,-deyə millət vəkili bildirib.

//Gülnarə Abasova, Editor.az