Bazarda qiymətlər sürətlə  artır: Bəs əməkhaqları artacaqmı?- AÇIQLAMAbackend

Bazarda qiymətlər sürətlə  artır: Bəs əməkhaqları artacaqmı?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Dünya iqtisadiyyatı hazırda bərpa dövrünü yaşayır və qlobal tədarük zəncirlərində də bərpa və yenidənqurma prosesləri baş verir, ona görə də enerji daşıyıcılarının və qida məhsullarının qiymətindəki artım bizdə təəccüb doğurmamalıdır. Başqa sözlə desək, iqtisadi bərpa ilə əlaqədar sürətlə artan tələb qiymətləri üzərində də yuxarıya doğru təzyiq yaradır. Qlobal səviyyədə həm enerji daşıyıcılarının, həm də qida məhsullarının qiymətinin qalxması bütün ölkələrdə olduğu kimi Azərbaycanda da açıq hiss olunur”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspertin sözlərinə görə gec-tez əmək haqqlarının səviyyəsi də bu prosesə uyğunlaşmalıdır və bu baş verəcək:

“Sadəcə nəzərə almaq lazımdır ki, əmək qiymətlərinin mal və xidmət qiymətləri ilə müqayisədə çevikliyi aşağıdır. Yəni əmək haqqları bazardakı vəziyyətə bir qədər gec reaksiya verir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, əgər inflyasiya tələb mənşəlidirsə, burada əmək haqqlarının artırılmasını prioritet kimi seçmək də doğru olmaz. Daha çox sahibkarlığın inkişafına, istehsalı artırmağa fikir vermək lazımdır. Azərbaycanda dövlət sektorunda əmək haqqlarının bu ilin sonuna qədər yüksələcəyini gözləmirəm. Bu pensiya və sosial müavinətlərə də aiddir. Böyük ehtimalla bu növbəti büdcə ilinin əvvəlində baş verəcək. Özəl sektor isə bu baxımdan daha geniş imkanlara malikdir və bazardakı vəziyyətə özəl şirkətlər daha tez uyğunlaşa bilərlər. Yəni dövlətlə müqayisədə özəl sektorun büdcə məhdudiyyəti o qədər də sərt deyildir.

//Gülnarə Abasova, Editor.az