“Azərbaycanla BƏƏ arasında çoxşaxəli əlaqələr mövcuddur”.
Bu sözləri Editor.az-a Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli Azərbaycan XİN başçısının BƏƏ prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu əlaqələr iqtisadi, siyasi və digər sahələri əhatə edən uzun illərin dostluq münasibətlərinə söykənir:
“Əlbəttə ki, Azərbaycan bölgədə güc və nüfuz sahibi bir ölkə kimi bölgənin təhlükəsizliyi məsələsində də daim ön sırada çıxış edir.
Azərbaycan bölgədə baş verən prosesləri diqqətlə izləyir, regionda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində çox ciddi addımlar atır. Bu mənada BƏƏ-nin dövlət rəsmiləri ilə görüşlər, qarşılıqlı təmasların qurulması, xüsusilə də Azərbaycan Xarici İşlər nazirinin BƏƏ prezidenti ilə görüşü regional təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır”.
Ekspert bildirib ki, Azərbaycan uzun illər bölgədə Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib:
“Dövlətimiz öz gücü və qüdrəti ilə uzun illər işğal altında saxlanılan ərazilərini azad edib və Cənubi Qafqazda terrorun, separatizmin kökünü kəsib. Bu mənada Azərbaycan dünya səviyyəsində böyük nüfuza malik olan ölkədir. Biz öz gücümüzü 44 günlük Vətən müharibəsi, ondan sonrakı dövr, xüsusilə də 24 saat davam edən antiterror tədbirləri zamanı göstərdik. Bununla bütün dünyaya bəyan etdik ki, biz separatizmə, terror və işğalçılıq siyasətinə qarşıyıq. Eyni zamanda, regionda davamlı sülh istəyirik.
Azərbaycan bu istiqamətdə öz missiyasını gələcəkdə də davam etdirəcək və regionda sülh yaradılması prosesinə hər zaman öz töhfəsini verəcək”.
//Səbinə Hüseynli, Editor.az

