Belarus Xarici İşlər Nazirliyi Litvanın Belarusla sərhədi yenidən birtərəfli qaydada bağlama ehtimalının mövcud olduğunu bəyan edib. Nazirliyin mətbuat katibi Ruslan Varankovun sözlərinə görə, Vilnüsün atacağı mümkün addım həm vətəndaşlar, həm də biznes strukturları üçün ciddi nəticələr doğura bilər.
Editor.az xəbər verir ki, Belarus rəsmisi Litvanın Beniakoni–Şalçininkay və Kamenny Loq–Medininkay sərhəd-keçid məntəqələrini yenidən açmaqla iki ölkə arasında mövcud ikitərəfli razılaşmanı pozduğunu bildirib. Həmin razılaşmaya əsasən, tərəflər sərhəd rejiminə dair istənilən dəyişiklik barədə bir-birini ən azı 1–5 gün əvvəl məlumatlandırmalıdır.
Varankov qeyd edib ki, Litva hakimiyyəti beynəlxalq hüquqi öhdəliklərinə əməl etməməyi davam etdirir və sərhədi yenidən bağlamaq ehtimalını açıq şəkildə gündəmdə saxlayır:
“Litvanın birtərəfli qaydada sərhədi bağlaması real təhlükə olaraq qalır. Bu addım sıravi vətəndaşların hərəkətinə, eləcə də biznesin fəaliyyətinə ciddi zərər vuracaq”.
Belarus XİN sözçüsü əlavə edib ki, Litva cari ilin oktyabrında sərhədi birtərəfli qaydada bağlamaq qərarı verib və bunu hava məkanında qeyri-qanuni hava balonlarının görünməsi ilə əsaslandırıb. Minsk isə cavab olaraq Litva və Polşa nömrəli yük maşınlarının Belarus ərazisindən tranzitinə qadağa tətbiq edib.
// Gülnarə Abasova, Editor.az

