Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının Beynəlxalq Hərbi Əməkdaşlıq və Sülhməramlı Fəaliyyətlər Departamentinin rəhbəri, general-mayor Aleksey Skabey, Belarusun Ukraynada sülhməramlı qoşunlar yerləşdirməyə hazır olduğunu bəyan edib.
Skabey bildirib ki, “lazım gələrsə”, Belarus sülhməramlı missiyalarda iştirak etməyə hazırdır və bu yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkündür. O, Belarusun beynəlxalq öhdəliklərinə sadiqliyini vurğulayıb və sülhməramlı əməliyyatlarda iştirakın, öncəliklə, “bayrağımızı qaldırmaq” anlamına gəldiyini qeyd edib. “Bayrağımızı qaldırmaq, BMT Baş Assambleyasında götürdüyümüz öhdəliklərə açıq olduğumuzu və onlara sadiq olduğumuzu göstərir,” – deyə o, əlavə edib.
Skabey, Belarus Silahlı Qüvvələrinin müvafiq qərarı aldıqları təqdirdə, “tapşırıqları yerinə yetirmək üçün müəyyən bir bölgəyə hərəkət etməyə hazır olduğunu” bildirib. Bununla yanaşı, o, sülhməramlı fəaliyyətlərin yalnız tərəflər arasında razılığa gəlinməsindən sonra həyata keçiriləcəyini vurğulayıb: “Burada hər şey təkcə bizdən asılı deyil. Biz hər iki tərəfin xahişi ilə onlara həmişə kömək etməyə hazırıq.”
Xatırladaq ki, Belarusun Ukraynada sülhməramlı qoşun yerləşdirməsi, uzun müddətdir beynəlxalq aləmdə müzakirə olunan bir mövzu olub. Bu addımın atılması, bölgədəki gərginliyin azaldılmasına və sülhün bərpasına xidmət edə bilər.
//Samir Qurbanov, Editor.az,

