“Belə davam edərsə, bizi martda COVİD-19-un idarəolunmaz artımı ilə bağlı böyük faciə gözləyir”backend

“Belə davam edərsə, bizi martda COVİD-19-un idarəolunmaz artımı ilə bağlı böyük faciə gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həqiqəti görür, reallığı təhlil edir, baş verəcəkləri düşünür və dəhşətə gəlirəm. Hər gün televiziyalarda , xüsusən axşamlar, virus infeksiyası ilə heç bir əlaqəsi olmayan, müxtəlif peşə sahiblərinin, o cümlədən təbabət sahəsinə çoxdan əlvida deyib hazırda siyasət və digər sahələrə üz tutan bəzi həkimlərimizin çıxışlarını dinlədikcə, çox qəribə hisslər keçirirəm. Əvvəla, insanların stress və gərginlikdən qurtarmasının ilkin və həlledici şərti, digər peşə sahiblərinin bu infeksiyaya münasibət bildirməsinə birdəfəlik və qeyri-şərtsiz olaraq son qoyulmasıdır. Digər tərəfdən,  tibbin digər sahələri, eləcə də siyasətlə məşğul olan dəyərli siyasətçi-həkimlərimiz, yaxşı olar ki, bu problemə yalnız siyası münasibət- dövlətin münasibətini bildirsinlər. COVİD-19-un zərəri və gözlənilən fəsadları haqqında ictimaiyyətə tövsiyyə xarakterli məlumat verməsinlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu həkim Musa Qəniyev deyib.

 

M.Qəniyev bildirib ki, bu məlumatlar dərin psixoloji sarsıntı, maddi və mənəvi sıxıntı içərisində yaşayan hər bir sadə vətən övladına yalnız zərər gətirir: “Unutmayın ki, COVİD-19 haqqında bu gün, hətta heç bir savadı olmayan adi vətəndaşın bilgisi belə, mütəxəssis olmayan istənilən həkim və ya əczaçının bilgisindən zərrə qədər də olsa az deyil. Odur ki, nəyinsə xatirinə TV ekranı və ya sosial şəbəkələrdə ictimayətə onların bildiyi məlumatın təkrarən söylənilməsi yalnız əlavə stress və ruhi sarsıntıya səbəb olur. İnanın bunları etmək ən yaxşı halda günahdır. Bəzən bu infeksiya haqqında mütəxəssislər danışanda belə, yol verilən adi xətaların, insanlar arasında necə gərginlik və sarsıntı törətdiyini görüncə, adam dəhşətə gəlir. “Axı suda boğulana adi bir saman çöpü də ümüd yeridir” bunu unutmaq olmaz. Qəribə də olsa, bu gün sevinclə bildirirlər ki, hazırki kəskin karantin tədbirlər COVİD-19-a yoluxmanı azaldıb. Başa düşün, viral infeksiyanı heç bir karantin tədbiri tarix boyu mütləq şəkildə azaltmayıb və azalda da bilməz. Bu halda müşahidə olunan azalma yalnız nisbi azalmadır. Kəskin karantin dövlət başçısının çökməkdə olan səhiyyə sisteminə, elmə istinadən çıxış yolu tapmaq üçün məhdud zaman müddətində uzatdığı yeganə nicat əlidir. Bu qısa müddətdə problemin həlli və rəhbərə uğurlu hesabatın yeganə yolu, yalnız alim potensialından səmərəli istifadə etməklə mümkündür. Lakin hazırda davam edən əvvəlki təfəkkür, təbliğat mexanizmi, təbliğat maşını və icraçılarla bu hal praktik olaraq mümkün deyil. Aprel və may aylarında PZR testi müsbət çıxan vətəndaşları tapır, aparıb 1-2 həftə ən yaxşı yerdə dövlət hesabına yedirib-içirib saxlayır, növbəti test sınağı mənfi olan kimi (1 həftəlik karantin zamanı bu test mütləq mənada mənfi olmalıdır) sağalmağı haqqında rəsmi məlumat verib, evinə göndərirdilər. Halbu ki, həmin dönəmdə Çin və Çənubi Koreyada bu cür PZR testi pozitiv olan, lakin simptom verməyən xəstələr nəinki təcrid olunmur, hətta onlar heç COVİD-19 xəstələri kimi qeydiyyata da götürülmürdü. İndi düşünün, həmin dövrdə bizim ölkəmizin iqtisadiyyatına nə qədər zərər vuruldu. Bunun hesabı çəkiləcəkmi? Axı bu pul, yalnız günəmuzd fəhlə əməyi ilə ailəsinə bir parça quru çörək qazanan insanların, maddi təminatlarının ödənilməsinə yönəldilə bilməzdimi? Ataların söylədikləri doğrudan da ibrətamizdir: “tox heç bir vaxt, acın çəkdiyi əzabların nə olduğunu bilə bilməz”. Hazırda aparılan mübarizə formasını, qeyri-professional təbliğat və dərman təminatı üsulunu, bu problemlə heç bir əlaqəsi və bağlılığı olmayan müxtəlif peşə sahibləri, o cümlədən, hazırda bu sahəyə yad olan bəzi həkimlərin elmi məntiqə söykənməyən müraciət və çıxışlarını eşitdikcə istəməsəm də, deməyə və xəbərdarlıq etməyə məcburam: Bu cür yanaşma, təbliğat, müalicə, dərman təminatı, qeyri-peşəkar profilaktik tədbirlər aparılarsa, bizi mart ayında COVİD 19-un idarəolunmaz artımı ilə bağlı böyük faciə gözləyir. Bir daha düşünün, bilin ki, hazırda az da olsa, bunun həllinə hələ ki, vaxtınız var”.