İsrailin baş naziri Benyamin Netanyahu Rusiya və Ukrayna arasında hərbi münaqişədə vasitəçi rolunu nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. O bildirib ki, ona belə bir rol münaqişənin ilkin mərhələsində təklif olunub.
Editor.az bildirir ki, o, bu barədə CNN-ə müsahibəsində deyib: “Məndən bu barədə Ukraynadakı münaqişənin ilkin mərhələlərində soruşmuşdular”. Lakin o, belə bir təklifin kimdən alındığını açıqlamayıb. Baş nazirin sözlərinə görə, müraciət qeyri-rəsmi olduğu üçün münaqişə tərəfləri arasında vasitəçilik etmək istəməyib. “Mən dedim ki, baş nazir var (Naftali Bennet), qoy bununla nə edəcəyinə o, qərar versin.
O, buna cəhd etsə də, uğursuz oldu”, – Netanyahu bildirib: “Bütün maraqlı tərəflər məndən xahiş etsələr, mən bu təklifi mütləq nəzərdən keçirəcəyəm”, – o əlavə edib. Netanyahunun Rusiya ilə Ukrayna arasında effektiv vasitəçi ola biləcəyini Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, bunu İsrailin baş nazirinin müasir müharibələr haqqında təsəvvürə malik olması və vasitəçi rolunu başa düşməsi ilə izah edib. Qeyd edək ki, hazırda Rusiya ilə Ukrayna arasında müxtəlif səviyyələrdə aparılan danışıqlarda əsas vasitəçi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Türkiyə prezidenti Vladimir Putinlə son telefon danışıqları zamanı bir daha münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

