İsrailin baş naziri Benyamin Netanyahu Almaniyaya rəsmi səfərə başlayıb. Burada o, kansler Olaf Şolz və Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə danışıqlar aparacaq.
Editor.az xəbər verir ki, tərəflər siyasət və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini, xüsusilə İranın nüvə proqramı, eləcə də beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edəcəklər.
Səfər Holokost qurbanlarının anım mərasimi ilə açılıb. Qeyd edək ki, Netanyahu yəhudi dövlətində baş verə biləcək insident səbəbindən səfərin müddətini qısaldıb. Almaniyada olması əvvəlcə cümə gününə qədər planlaşdırılsa da, hökumət başçısı cümə axşamı axşam İsrailə qayıdacaq. Qərar yerli medianın partlayışın baş verdiyi Megiddo Arxeoloji Parkının ərazisində “təhlükəsizlik insidentinin” baş verməsi ilə bağlı xəbərlər fonunda verilib.
Təhlükəsizlik səbəbindən ölkə hakimiyyəti insidentin hər hansı təfərrüatını ictimaiyyətə açıqlamaqdan çəkinir. Bir gün əvvəl isə hüquqi inqilaba etiraz edənlər “Ben Qurion” hava limanına gedən yolları qismən bağlayıb. Əhaliyə yalnız qatarla hava limanına sərbəst getməsinə icazə verilib. Müxalifət liderləri deyirlər ki, Netanyahu hər küncdə, getdiyi hər uçuşda və ya konfransda bizimlə üz-üzə olmalıdır: “Biz onun İsrail dövlətini diktaturaya çevirərək nəsillərin arzusunu və sionist baxışını məhv etməsinə icazə verməyəcəyik”, – etiraz aksiyasının təşkilatçıları deyiblər.
//Samir Qurbanov,Editor.az