Benzinin qiyməti artdı: Ərzaq məhsulları da bahalaşacaq?- AÇIQLAMAbackend

Benzinin qiyməti artdı: Ərzaq məhsulları da bahalaşacaq?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aİ-98 və Aİ-95 markalı benzinin qiymətinin bahalaşması ilə bağlı SOCAR-ın açıqlaması ənənəvidir. Əgər SOCAR bu benzin növlərini ölkəyə idxal edirsə, idxal etdiyi ölkələrdə bu benzin bahalaşırsa, şübhəsiz ki, SOCAR da bunları daxili bazarda daha yüksək qiymətə satmağa məcbur olacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

O, bildirib ki, avtomobil parkı sürətlə yenilənən və müasirləşən Azərbaycanda yüksək oktanlı benzin istehsalına başlamasına ehtiyac var:

“Xam neftin istehsal edildiyi və enerji habı olmaq iddiası daşıyan Azərbaycanda yüksək oktanlı benzin növlərini istehsal edib daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracını da həyata keçirmək olmazmı? Məndə olan məlumata görə bu istiqamətdə işlər görülür, ancaq vətəndaşları da məlumatlandırmaq lazımdır. Digər tərəfdən dünya bazarında enerji daşıyıcılarının qiymətləri yüksəlirsə, bu bir sıra sektorlarda, eləcə də qida sektorunda qiymətlərin yüksəlməsinə təsir göstərir. Ancaq onu da nəzərə almaq lazımdır ki, qida sektorunda qiymət yüksəlişi hazırda bütün dünyada daha çox pandemiya ilə əlaqədar məsələdir. Pandemiya dönəmində qida məhsulları istehsalının məhdudlaşması, mövcud dəyər zəncirlərində baş verən pozulmalar, qida məhsullarının qiymətlərinin də yüksəlməsinə gətirib çıxarıb. İndi neftin qiymətinin artması bu prosesi bir qədər də sürətləndirəcək”.

Ekspertin sözlərinə görə inflyasiya, hazırda dünyanın əsas mərkəzi banklarının qarşısına başlıca problem kimi çıxır:

“Artıq ABŞ mərkəzi bankı başda olmaqla, digər mərkəzi bankların rəhbərləri də inflyasiyanı ciddi məsələ kimi önə çəkməyə başlayıb. Buna görə də qarşıdakı dövrdə monetar siyasətdə müəyyən sərtləşmələrin də şahidi ola bilərik.  Şübhəsiz ki, Aİ-95 və Aİ-98 benzinin qiymətlərinin yüksəlməsi Azərbaycanda qida sektorunda qiymətlərə elə də təsir edə bilməz. Çünkü bu sektor bu benzin növlərinin istehlakçısı deyil. Ancaq dünyada neftin qiymətinin yüksəlməsi və pandemiya səbəbindən qlobal qida sektorunda baş verən qiymət yüksəlişləri Azərbaycan bazarında da bir çox qida məhsullarının qiymətlərinin artmasına gətirib çıxara bilər və bu artıq baş verir. Nəzərə almaq lazımdır ki, Azərbaycan qida bazarında idxalın önəmli payı var və ən azı bu kanal vasitəsilə biz qiymət yüksəlişlərini gözləməliyik”.

//Gülnarə Abasova, Editor.az