Rusiya prezidentin mətbuat katibi Dmitri Peskovdan Suriyanın eks-prezidenti Bəşər Əsədin Moskvada hərəkətinin məhdudlaşdırılması və onun aktivlərinin dondurulması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirmək istənilib. Kreml bunu təkzib edib.
Mətbuatda Bəşər Əsədin həyat yoldaşının Moskvanı tərk etmək istəməsi ilə bağlı xəbərlər də var.
“Xeyr, (məlumat ) reallığa uyğun gəlmir”, –Peskov mətbuata zəng zamanı deyib.
Xatırladaq ki, dekabrın 8-də Suriyada “Həyat Təhrir əl-Şam” qruplaşması hakimiyyəti ələ keçirib. Bəşər Əsəd istefa verib və Rusiyaya qaçıb. Orada ona siyasi sığınacaq verilib və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.
Dekabrın 19-da Türkiyənin “Habertürk” qəzeti yazıb ki, Əsədin Rusiyaya qaçdığı həyat yoldaşı Əsma Əsəd boşanmaq üçün məhkəməyə müraciət edib. Nəşrin yazdığına görə, xanım Əsəd “Moskvadakı yaşayış şəraitini bəyənmir və Londona getmək istəyir” və bunun üçün artıq ayrılmaq üçün xüsusi icazə istəyib.
//Samir Qurbanov, Editor.az