“Bloomberg” nəşri bir neçə adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, hökumət əleyhinə silahlı dəstələr Dəməşqə yaxınlaşdıqca, Rusiya Suriya prezidenti Bəşər Əsəd və onun ailəsini “dərhal” tərk etməyə razılıq verərsə, “təhlükəsiz təxliyə” təklif edib.
“Bloomberg”in iki mənbəsi Bəşər Əsədin Suriyadakı Rusiya hava bazası vasitəsilə çıxarıldığını iddia edir. Materialda deyilir ki, onun göyərtəsində olduğu təyyarənin transponderi müşahidədən yayınmaq üçün söndürülüb. Agentliyin üç anonim həmsöhbətinin sözlərinə görə, Rusiya tərəfi eks-prezidenti “silahlı qruplara qarşı mübarizədə uduzacağına” inandıra bilib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiyanın Bəşər Əsədin təxliyyəsində göstərdiyi yardımla bağlı sualı cavablandırarkən deyib: “Yuxarıda qeyd olunan humanitar jest çərçivəsində yardım lazımi ölçüdə göstərilib. Mən bunu belə formalaşdırırdım. İndi təfərrüatları danışmazdım”.
//Samir Qurbanov, Editor.az