“Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr bəyanatında dövlət olaraq üzərinə götürdüyü öhdəliklər var. Təəssüf ki, bu günə qədər Ermənistan 10 noyabr bəyanatı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və bu da nəticədə Zəngəzur dəhlizinin hələ də işlək olmamasına gətirib çıxarır”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq güclərin yanaşmalarında da konsensusun olmadığı görünür:
“Özəlliklə 10 noyabr bəyanatında dəhlizə Rusiya FSB-nin nəzarət imkanlarının olması məsələsi bu gün İran, Fransa və Qərbin imperalist dairələrinin ortaq addımlar atması və prosesi əngəlləməsinə səbəb olur. Bu gün görünən odur ki, Zəngəzur dəhlizi məsələsində beynəlxalq güc faktorları Ermənistanı təhrik edərək prosesdə irəliləyişin əldə olunmasının qarşısını alırlar. Təbii ki, nəticədə biz bu günkü kimi regionda qəribə bir situasiyanın yarandığını müşahidə edirik. İstənilən halda İran-Rusiya-Qərb üçbucağının Zəngəzur məsələsində ortaq məxrəcə gələ bilməyəcəyi açıq-aydın görünür. Əslində isə bu üçbucağın anlaşa bilməməsi də Ermənistanın maraqlarına xidmət edir. Çünki rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmaması prosesini əngəlləyir və bundan da istifadə edərək dəhlizin ətrafında süni gündəm yaratmağa çalışır. Hesab edirəm ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə beynəlxalq güclərin prosesə mane olması müsbət irəliləyişlərin də əldə olunmasını əngəlləmiş olur”.
//Gülnarə Abasova, Editor.az