İSTİQAMƏT: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Aprelin 11-i Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid və yaralılarımızın olması düşmən ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat cəhdidir. Bunun ardınca aprelin 13-ü yolu azıb Ermənistana keçərək əsir düşən əsgərlərimizə qarşı törədilən vəhşiliyin şahidi olduq. Ermənistan mütəmadi olaraq belə hərbi təxribatlara yol verməklə sülhdə maraqlı olmadığını, dünyanın fərqli siyasi dairələrinin bu bölgədə maşası rolunu oynadığını dəfələrlə sübut edib. Ermənilərin əsl simasını dünyaya göstərmək üçün beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək zərurəti vacibdir. Belə ki, rəsmi Bakı beynəlxalq təşkilatların gözlərini açıb həqiqəti görməyə vadar etməsə, Ermənistanın havadarları həmişə bunu ört-basdır edəcək.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Şahin İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın siyasi rəhbərliyi də, erməni xalqı da Azərbaycanın hərbi gücünə bələddir:

” Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində döyüş meydanında uğradıqları məğlubiyyət onlara dərs olmalıdır. Vətən müharibəsindən sonrakı dövrdə də bir neçə dəfə separatçılıq fəaliyyətindən vaz keçə bilməyən bu bədnamlar sərt cavablar almışdır. Məsələyə hansı aspektdən yanaşsaq, düşmənin döyüş meydanında zəif olduğunu görürük. Baş verən təxribatlar isə Ermənistana rəhbərlik edən siyasi oyuncaqların öz çirkli əməllərindən əl çəkməməsinin bariz nümunəsidir. Onlar üçün vətəndaşlarının taleyi yox, regionda sabitliyi pozmaqla ara qarışdırmaq maraqlıdır. Heç kimə sirr deyil ki, sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar edilməsi üçün alternativsiz hadisədir. Bu erməni xalqı üçün də çox vacibdir. Hərb meydanında onurğa sütunu qırılan erməni ordusu Azərbaycanın silahlı qüvvələrinin qarşısında tab gətirə bilməz. Yeni müharibə Ermənistan və erməni xalqına çox baha başa gələcək. Bu açıq aşkar görünür deyə onlar müharibə riskinə getməzlər. Baş verənlər sadəcə ermənilərin hiyləgərlik yolu ilə törətdiyi qısamüddətli təxribatlardır. Şübhəsiz ki, təxribatların cəzası dərhal verilir”.
Millət vəkili Ermənistanın İrandan güc alaraq bu təxribatları törətdiyi qənaətindədir:
“Molla rejiminin çirkin əməlləri regionda onların özü üçün də təhdid yaratmaqdadır. Belə olan halda kiçik bacısından kömək istəyir. Bu İranla doğmalaşan Ermənistan rəhbərliyinin onlara göstərdiyi dəstəyi də ola bilər. Onlar bir şeyi unudublar ki, yenidən müharibə olarsa İranın dəstəyi onları xilas edə bilməz. Ermənistan onu da göstərir ki, onlara vətəndaşlarının taleyi yox, kiçik siyasi oyunlar maraqlıdır. Paşinyan bir anlıq Azərbaycan Prezidentinin dəmir yumruğunu unudaraq öz balaca dünyasında planlar qurur. Cavab zərbəsi isə onu qorxuya salmaqdadır.Baş verən bütün hadisələrə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycan dövləti lazım olan bütün addımları atır. Azərbaycanın beynəlxalq nüfuzu da heç kimə sirr deyil. Biz lazım olan bütün prosedurları həyata keçiririk. Beynəlxalq səviyyədə hansı reaksiyanın verilməsi bəzən həqiqəti əks etdirsə də, bəzən öz kiçik maraqlarını, diqqətsizliyini biruzə edirlər. İkili standartlar çox zaman özünü göstərir. Buna baxmayaraq bu kimi hadisələrlə bağlı daim beynəlxalq fəaliyyətimizi genişləndirir, bu istiqamətdə davamlı işlər görürük. Kiçik bir nüansa diqqət yetirək. Azərbaycan torpaqları işğal altında olarkən beynəlxalq hüququn heçə sayılmasının şahidi olduq. Nəticədə isə öz gücümüz hesabına ədaləti təmin etdik. İndiki məqamda da biz məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün lazım gələn bütün işləri görürük. Nəticə olmasa da zamanı gələndə bir daha ədaləti özümüz təmin edəcəyik”.
Siyasi analitik Kənan Novruzov isə bildirib ki, son zamanlar İran və Ermənistanın Azərbaycana qarşı aqressiv ritorikası güclənib:

“Şübhəsiz, bu, daha çox onların özlərini düşündürməlidir. Çünki “sirkə nə qədər tünd olarsa öz küpünü çatladar”. Tehran və İrəvan belə ritorikası ilə özlərini regional əməkdaşlıqdan təcrid edirlər. Hər iki dövlətin atdığı addımların siyasi motivi, səbəbləri başqa mövzunun predmentidir. Doğrudur ki, bir sıra beynəlxalq qurumlar baş verənlərə göz yumurlar. Beynəlxalq təşkilatların bir çoxunun, o cümlədən BMT-nin, ATƏT-in fəaliyyətinin lazımi səviyyədə olmaması çoxdan təsdiqini tapmış faktdır. BMT və ATƏT Ermənistan işğalına 30 il ərzində səssiz qalması, öhdəliklərini yerinə yetirməməsi göstərdi ki, bu təşkilatlar “dişsizdir”. Onların bir çoxu ikili standartlardan çıxış edirlər. Nəzərə almaq lazımdır ki, beynəlxalq qurumların aparıcı gücü həmin təşkilata üzv olan dövlətlərdir. Deməli, məsələyə konkret dövlətlərin maraqları prizmasından yanaşmaq lazımdır. ATƏT-in Minsk Qrupu niyə otuz il ərzində öhtəliklərini yerinə yetirmədi? Çünki həmsədrlər- Rusiya, Fransa və ABŞ Cənubi Qafqazda sülhün formalaşmasında maraqlı deyildilər. Onlar gərginlikdən istifadə edərək regiondakı mövcudluqlarını təmin edirdilər”.
K. Novruzovun sözlərinə görə, sözügedən tendensiyalar indi də davam edir:
“Biz ilk növbədə dövlətlərlə balanslı siyasətimizi davam etdirməliyik. Ermənistanın vandallıqlarını dünya ictimaiyyətinə təqdim etməli, təbliğatımızı gücləndirməliyik. Beynəlxalq təşkilatların haqq səsimizi eşitmələri, gözlərini açmaları daha çox onların özlərinə lazımdır. Azərbaycan öz işini özü görməyə qadirdir. Onların qərəzli və ikili yanaşması isə öz reputasiyalarına zərbədir. ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu günlərdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında ATƏT-in fəaliyyətinin “donduğunu” etiraf etdi. Bunun səbəbləri hər kəsə, o cümlədən ATƏT rəhbərliyinə yaxşı məlumdur. O da bəllidir ki, bütün çətinliklərə rəğmən, Azərbaycan Vətən müharibəsi nəticəsində qələbə qazandı, ədalət bərpa oldu. Fikrimcə, hər kəs, o cümlədən də beynəlxalq siyasi aktorlar tarixi təcrübədən dərs çıxartmalıdırlar”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


