“İstər BMT, istərsə də digər beynəlxalq təşkilatlar dünyada baş verən münaqişə və müharibələrin sülhlə bitməsinə töhfə verə bilmirlər”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Ekspert hesab edir ki, beynəlxalq təşkilatların işğal və münaqişələrə təsir edə bilməməsi və ya olanlara göz yumması Üçüncü Dünya Müharibəsinin başlaması ilə nəticələnə bilər. O, BMT-ni ötən əsrin 30-cı illərində fəaliyyət göstərən Millətlər Cəmiyyəti təşkilatı ilə müqayisə etdi:
“Beynəlxalq münasibətlər sistemində onların qarşısını ala biləcək mexanizmin olmadığını anlayan güclü dövlətlər istədikləri formada müxtəlif ölkələrə müdaxilələr edə biləcəklərini güman edirlər. Burdan belə bir nəticə çıxır ki, beynəlxalq təşkilatlar öz effektivliklərini itiriblər. Rəcəb Tayyip Ərdoğanın “daha böyük siyasi katalizimlərə şahidlik edəcəyik” fikirini də şərh edən Sultan Zahidov son illərdə Türkiyənin yürütdüyü müstəqil xarici siyasətə toxundu. Onun sözlərinə görə, Türkiyə artıq xarici təsirlərə qarşı bir növ müqavimət hərəkatı yaradıb. Regionda nüfuz dairələrini genişləndirmək istəyən ABŞ və Rusiya kimi daimi maraqları olan dövlətlər siyasi gedişlərində həmişə mütləq Türkiyə amilini diqqətdə saxlayırlar.
O bildirib ki, Türkiyənin son 10 ildə apardığı xarici siyasət Yaxın və Orta Şərqdə Türkiyənin nüfuzunun artırılmasına yönəldilmiş bir xarici siyasətdir:
‘Bu özünü Türkiyənin milli maraqları ilə yanaşı regional proseslərdə fəal iştirakını özündə ehtiva edir. Bu siyasətin nəticəsində biz görürük ki, Türkiyə bir çox regionlarda kifayət qədər böyük nüfuz qazanıb. Yaxın və Orta Şərqə böyük təsir qabiliyyətinə malik olan ABŞ və Rusiyanın bu regionla bağlı siyasətində Türkiyə ilə hesablaşmasının şahidi oluruq. Xüsusilə Qəzzadakı hadisələr başladıqdan sonra Türkiyə və ABŞ rəsmiləri arasında görüşlərin intensizləşdiyini görürük. Türkiyə siyasi cəhətdən mövcud olduğu bütün regionlarda istismara məruz qalan xalqlara dəstək çıxır, onlara kömək əli uzadır. Bunlar hamısı çətinliklər və maneələr bahasına başa gəlsə də uğurlu xarici siyasətin sayəsində qarşısıalınmaz olub”.
//Qasım Məmmədli, Editor.az

