“Bəzən insanlar ev, maşın alanda daha çox düşünürlər, nəinki ailə quranda…”- Tanınmış psixoloqdan AÇIQLAMAbackend

“Bəzən insanlar ev, maşın alanda daha çox düşünürlər, nəinki ailə quranda…”- Tanınmış psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Boşanmaların əsas səbəblərindən biri və birincisi, ailənin əvvəlcədən sağlam əsaslar üzərində qurulmamasıdır. Ailə qurulduqda bir sıra vacib psixoloji- tibbi, fizioloji faktorlar nəzərə alınmalıdır. Əks təqdirdə boşanma qaçılmazdır”.

Bu sözləri Editor.az-a açıqlamasında tanınmış psixoterapevt, psixoloq Elmir Əkbər deyib.

Psixoloq müasir dövrdəki ailədaxili münasibətləri keçmişdəkindən fərqləndirən bir sıra məsələlərə toxunub:

“Əvvəllər kişilər öz həyat yoldaşlarına xəyanət edəndə qadının bundan xəbəri olmurdu və ya xəbəri olsa da göz yumurdu. Bu da qadında özündən asılı olmadan müəyyən psixi xəstəliklər yaradırdı. Hətta məlumdur ki, stress, əsəb ankoloji xəstəliklərə belə çevrilə bilir. Ancaq müasir texnologiya əsrində qadınlar ərlərini rahatlıqla izləyir, xəyanətlərini üzə çıxardır və boşanırlar. Səbəb isə ailənin əvvəldən düzgün şəkildə qurulmamasıdır. Məlumdur ki, evlənməmişdən qabaq ailə quran cütlüklər tibbi testlər, analizlərdən keçir. Yaxşı olardı ki, onlar üçün psixoloji testlər də və psixoterapevtik seanslar da vacib hesab edilsin. Çünki psixoloji testlərlə müəyyənləşməlidir ki, ailə quran iki insan bir-birinə nə dərəcədə uyğundur. Eyni zamanda, onlar bir-birinin xarakterlərinin güclü və zəif tərəflərinə bələd olmalı, özlərini çətinliklərə, anlaşılmazlıqlara, problemlərə psixoloji olaraq hazırlamalıdırlar. Psixoterapevtin köməyi ilə xarakterləri üzərində işləyib bir-birinə uyğunlaşdırmalıdırlar”.

Elmir Əkbərin sözlərinə görə, cəmiyyətimizdə insanlar ən çox “kiminlə ailə qurmaq lazımdır?” sualına cavab tapmalıdır:

“Cütlüklər aralarındakı psixoloji-tibbi, fizioloji faktorlar bəlli olduqdan sonra evlilik yoluna çıxmalıdır. Əks halda ailənin sonu olmayacaq. Bünövrəsi möhkəm olan ailəni isə kənardan heç kəs dağıda bilməz. Ailə dağılırsa, deməli sütunları çürükdür. Ona görə də yaxşı olar ki, gənclər “ailə qurmaq” məsələsinə diqqətlə yanaşsınlar, çünki evlənmək bir insanın həyatında atdığı ən ciddi addımlardan biridir. Bəzən isə insanlar maşın, ev alanda daha çox düşünürlər, nəinki ailə quranda…”

//Gülnarə Abasova, Editor.az