Bəzi erməni rəsmilər artıq neytral mövqe tuturlar: “Paşinyan və onun komandası anlayır ki…”- Millət vəkilibackend

Bəzi erməni rəsmilər artıq neytral mövqe tuturlar: “Paşinyan və onun komandası anlayır ki…”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı Zəfər tək Azərbaycan və Ermənistanda deyil, ümumilikdə regionda yeni siyasi arxitektura formalaşdırır. Bu yeni mənzərəni diktə edən ölkə isə Azərbaycandır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın bütün sahələrdə inkişafı, qlobal arenada artan nüfuzu Ermənistan hakimiyyətini narahat etməklə bərabər, həm də düşündürür:

“Çünki Ermənistanda hərbi-siyasi rəhbərlikdə təmsil olunanlar artıq vəziyyətin nə yerdə olduğunu anlayır. Rəsmi İrəvanın hal-hazırda tutduğu mövqe, revanşistlərin baş qaldırması ölkəni çıxılmaz vəziyyətə salır və düşdükləri bu dərin böhrandan çıxmağa imkan vermir. Ona görə də bir neçə erməni nazir və digər rəsmilər öz fikirlərində hərbi canilərin işlədikləri cümlələri deyil, daha neytral mövqeli ifadələrdən istifadə edirlər. Beləliklə onlar anlayırlar ki, rəsmi İrəvan öz ritorikası ilə yalnız uçuruma doğru gedir. Bu bir tərəfdən Azərbaycanın əldə etdiyi uğurlardan və cənab İlham Əliyevin eyni vaxtda yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrindən biridir. ABŞ, Avropa İttifaqının, Rusiyanın bəyanatlarında Azərbaycan Prezidentinin təklif etdiyi baza prinsipləri, sülh təklifləri dəstəklənir. Artıq 44 günlük Vətən müharibəsindəki böyük Qələbəmiz bu amilləri şərtləndirir. Bütün bunlar diplomatik masada da Azərbaycanın açıq-aşkar üstünlüyünü göz önünə gətirir. Artıq Paşinyan və onun komandası anlayır ki, ikiüzlü siyasət onlara xeyir gətirməyəcək. Ona görə də hal-hazırki siyasi situasiyada bəzi erməni rəsmiləri neytral mövqe seçir. Bütün bunlar Qarabağın Azərbaycana aid olmasının sübutudur, sülhə gedən yolda atılan addımlardır. Bundan sonra bölgəyə gələn dayanıqlı sülhdən Ermənistan da daxil olmaqla, bütün region ölkələri uğur qazanacaq”.

//Gülnarə Abasova, Editor.az