“Bəzi məmurlar xalq deyəndə öz ailəsini, arvad-uşağını başa düşür”backend

“Bəzi məmurlar xalq deyəndə öz ailəsini, arvad-uşağını başa düşür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsi mənfi tendensiyadır. Təəssüf ki, bu cür xoşagəlməz hallarla bizim ölkəmizdə də tez-tez qarşılaşmaq mümkündür. Nəfsinə hakim ola bilməyən, şəxsi mənafeyini dövlətin və millətin mənafeyindən üstün tutan adamlar yüksək vəzifələrə təyin olunanda bu mənfi tendensiya özünü daha qabarıq şəkildə göstərir”.

Editor.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə təəssüflə qeyd edib ki, Azərbaycanda bəzi məmurlar xalq deyəndə öz ailəsini, arvad-uşağını başa düşür: “Buna görə də xalqın deyil, öz arvad-uşağının rifahının yaxşılaşmasının qeydinə qalır. Sosial problemlərin həll olunmaması ilk növbədə bu amillə bağlıdır. Bəzi məmurların vəzifə borcunu həvəssiz yerinə yetirməsi, əksər hallarda isə buna laqeyd qalması cəmiyyətdə haqlı narazılığa səbəb olur. Məmur özbaşınalığı qanunsuzluqların kütləviləşməsinə yol açır”.

Baş redaktor deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyən, rüşvət və korrupsiyaya bulaşan məmurlara qarşı mübarizə ardıcıl olmalıdır. Onun sözlərinə görə, həmin şəxslərin cəzasız qalması pis nümunədir və açıq, şəffaf cəmiyyət quruculuğunu tormozlayır: “Hər bir məmur yol verdiyi qanunsuzluğun cəzasız qalmayacağına əmin olsa, öz vəzifəsinə daha məsuliyyətlə və vicdanla yanaşır. Biz hüquqi dövlət quruculuğunu yalnız qanunların aliliyini təmin etməklə sürətləndirə bilərik”.