Bəzi ölkələrdə koronavirusa YOLUXMA SAYI ARTIB: Payızda  yenidən QAPANMALAR OLACAQ?- AÇIQLAMAbackend

Bəzi ölkələrdə koronavirusa YOLUXMA SAYI ARTIB: Payızda  yenidən QAPANMALAR OLACAQ?AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, son vaxtlar Avropa və Şərqi Asiya ölkələrində koronavirusa yoluxma sayı artıb. Bəzi mütəxəssislər hesab edir ki, koronavirusun yeni dalğasının payız aylarında gəlmə ehtimalı var və buna görə sentyabr-okytabrda Azərbaycanda yenidən qapanmalar gözlənilir. Quru sərhədlərin hələ də açılmaması, Azərbaycandan çıxmaq üçün yeganə quru yolun- Naxçıvan yolunun bağlanması da bu fikirləri daha da artırır.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Avropa və Şərqi Asiya ölkələrində “COVID-19” yeni növ koronavirusa yoluxmaların sayının yenidən artması xoşagəlməz haldır:

“Dünya əhalisi artıq koronavirusdan yorulub. Hamı düşünürdü ki, artıq koronavirus bitib və dünya yenidən öz axarı ilə yaşayacaq. Bu gün qlobal yoluxmalarda yenidən artımların baş verməsi və insanların yenidən narahat olmağa başlaması quru sərhədlərimizin açılmamasının düzgün olduğu haqqında deməyimizə imkan verir. Qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirus infeksiyası tam nəzarət altındadır. Bu virusa yoluxmalardan ağırlaşma halları da çox azalıb. Təbii ki, belə pozitiv mənzərəyə vaksinasiya prosesinin vaxtında keçirilməsi və insanlarda kollektiv immunitetetin yaranması əsas rol oynayır. Amma quru sərhədlərin açılmaması da kütləvi şəkildə insanların xaricə gediş-gəlişini məhdudlaşdırır ki, bu da xəstə insanların ölkəmizə gəlişinə və ya da qonşu ölkələrə gedib yoluxmasının qarşısının alınmasına imkan verir. Bununla yanaşı quru sərhədlərin həmişəlik bağlanmasını da düzgün hesab etmirəm”.

Azər Badamov dünyada baş verən yoluxma dinamikasına əsaslanaraq qeyd edib ki, ölkəyə gələn insanlara test tələbi yenidən tətbiq olunmalıdır:

“Çünki bu gün hava nəqliyyatı vasitəsilə test vermədən ölkəmizə gəlirlər. Belə olan halda nəzarət olmur və yenidən koronavirusun ölkəmizə ayaq açmasına səbəb olur. Ona görə də hesab edirəm ki, ölkəyə girişdə koronavirusla bağlı tələbləri yenidən ciddiləşdirməklə quru sərhədləri də açmaq olar. Ölkəmizə gələn hər bir şəxsdən son 24 saatın testi tələb olunmalıdır. Qonşu ölkələr də test tələbini yenidən tətbiq edib. Son vaxtlar yoluxanların sayında artımların baş verməsi də xaricdən yoluxmuş insanların gəlişi nəticəsində baş verdiyini hesab edirəm. Payız aylarında yoluxmaların sayının artacağı təqdirdə yenidən qapanmaların baş verəcəyi ilə bağlı hesab edirəm ki, ilkin mərhələdə tətbiq olunduğu kimi ciddi qapanmalar baş verməyəcək. Çünki koronavirus mutasiyaya uğramış və əvvəlkindən zəifləyib. Həm də müalicə üsulu da müəyyən olunmuşdur. Koronavirus bizimlə həmişə yaşayacaq və yoluxmanı adi bir qrip xəstəliyi kimi qarşılamalı, müalicə olunmaqla sağalmalıdır. Yəni , həkimlər müalicə etməklə, insanlar isə öz həyat tərzində yaşamaqla həyatlarına davam edəcəklər”.

//Gülnarə Abasova, Editor.az