Dekabr ayında sosial müavinətlərin, əməkhaqlarının, pensiyaların 30-40 faiz artacağı ilə bağlı açıqlamalar yayılmışdı.
Lakin verilən qərara əsasən əmək pensiyalarının sığorta hissəsi 2022-ci ilin əvvəlindən 3,4 faiz artırılır. Bundan əlavə isə, pensiyaçılara 200 manat həcmində birdəfəlik maddi yardım da verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) elan edib ki, 200 manat məbləğində maddi yardım rüblər üzrə bölünməklə veriləcək.
Ölkədə artıq fevral ayı üzrə pensiyaların ödənişi yekunlaşır. Lakin əhali narazıdır, pensiyalar gözlənilən məbləğdə artmadı.
Editor.az pensiyaların artımı ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün iqtisadçı ekspertlərlə əlaqə saxlayıb.
Ekspert Natiq Cəfərli Editor.az- açıqlamasında bildirib ki, insanları çaşdıran dekabr ayında bəzi rəsmi şəxslərin məsələnin məğzini bilmədən məsuliyyətsiz şəkildə təqaüdlərin 20-40 faiz artacağı ilə bağlı açıqlamaları oldu:

” Bu xəbərlər isə kütləvi şəkildə tirajlandı və bu da cəmiyyətdə 20-40 faiz civarında büdcə təşkilatlarında çalışanların əmək haqqı və təqaüdlərinin artacağı ilə bağlı yanlış gözlənti yaratdı. Əslində qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən əvvəllər hər il ilin əvvəlində pensiyaların sığorta hissəsi əvvəlki ilin inflyasiya göstəricinə uyğun olaraq artırılır, indeksləşdirilirdi. 2016-cı ildə bu mexanizm dəyişdirildi. Çünki inflyasiya yüksək oldu və hökümət yüksək səviyyədə indeksasiya aparmaq istəmədiyinə görə pensiyalar orta illik gəlirlərin nominal artımı ilə indeksləşdirməyə başladı. Bu o, deməkdir ki, ölkədə orta aylıq gəlirlərin, əməkhaqların nominal artımı il ərzində 3-4 faizi keçmir. Keçən il də bu artım 3.14 faiz oldu. Hal-hazırda qanunvericiliyə görə təqaüdlər 3.14 faiz indeksləşdiriləcək. Bu da təbii ki, çox azdır. Hökumət də bu artımın azlığınından yaranan narazılıqlara görə 200 manat məbləğində birdəfəlik ödənişlə bağlı qərar qəbul etdi. Bu, 1 milyon 300 min təqaüdçünun təxminən 1 milyon 100 minini əhatə edir. Geri qalan 200 min təqaüdçü çox yüksək məbləğdə təqaüd alanlardır. 1 milyon 100 min insanın təqaüdləri isə cəmi 3.14 faiz indeksasiya olunaraq artırılacaq. Təbii ki , bu məbləğ gözləntilərə cavab vermir. Digər tərəfdən pensiyaçılara ödənilənəcək 200 manat məbləğində birdəfəlik yardım isə hər rüb 50 manat olmaqla hesablarına köçürüləcək”.
Natiq Cəfərli pensiyaçılara ödəniləcək 200 manat birdəfəlik ödəmənin rüblərə bölünərək verməsinin yanlış qərar olduğunu hesab edir:
” 200 manatı indeksləşməyə əlavə edib ödəmək daha doğru idi. Məsələn, hər təqaüdçünün pensiyası heç olmasa 10 faiz artırılsaydı bu, daha doğru, məntiqli qərar olardı. Hesablamalara görə əgər əmək pensiyaları 10 faiz indeksləşmə ilə artırılsaydı dövlət büdcəsindən ayrılan vəsait 200 manat birdəfəlik ödəməyə görə ayrılan vəsaitdən çox cüzi fərqlənəcəkdi. Hal-hazırda 200 manat birdəfəlik ödəməyə görə dövlət büdcəsindən 220 milyon əlavə vəsait xərclənəcəksə, 10 faiz artımla isə maksimum 300 milyon xərclənəcəkdi. 80 milyon qənaət etmək xatirinə vətəndaşları narazı salmaq düzgün deyil”.
İqtisadçı Fuad İbrahimov Editor.az-a bildirib ki, postsovet məkanında nə pensiyalar, nə məvaciblər reallığı əks etdirmir:

” Şübhəsiz ki, bu bütün sektorlara aid deyil. Bəzi dövlət müəssisələrində, özəl şirkətlərdə verilən əmək haqları hesabına normal yaşamaq mümkündür. Lakin ümumilikdə ölkədə əməkhaqları, pensiyalar reallıqları əks etdirmir. Sovet dövründə bu məsələ üzərində elmi tədqiqatlar aparılırdı. Yaşayış minimumu həqiqi rəqəmlərə əsaslanmışdı və bunun nəticəsində ciddi neqativ problemlər aradan qaldırılırdı. Müasir dünyada Qərb sosializm modelinin bu tipli müsbət xüsusiyyətlərini üzərinə çəkə bildi, biz isə qərbin ən neqativ məqamlarını üzərimizə çəkdik. Ölkədəki bahalaşmanın insanların sosial vəziyyətinə minimum təsirini təmin etmək üçün ilk növbədə, dövlət nəzarət orqanları ilə birlikdə elmi tədqiqat institutları gündəlik tələbata, aylıq insanların normal yaşam tərzinə uyğun bütün sahələrdə vətəndaşlar üçün sağlam istehlak səbəti hazırlamalıdır. Bu istehlak səbəti isə minimum əməkhaqqı və pensiyalara əsaslanmalıdır. Əgər bu, olmayacaqsa, 30-40 faiz artım iddiaları heç bir zaman reallıqları əks etdirməyəcək. Artım artıq inflyasiyanın hədəfinə çevrilib”.
//Gülnarə Abasova, Editor.az

