“Kimsə bıçaqla cinayət törətdiyinə görə ölkədəki bütün bıçaqları yığışdırmaq olarmı? Bıçaqlar yığışdırılmamalı, cinayətkarlar tərbiyələndirilməlidir. Bu yanaşmaya əsasən bəzi istifadəçilərin əməllərinə görə, hansısa sosial şəbəkəni bağlamaq doğru deyil. Sadəcə sosial şəbəkədəki fəaliyyəti qanunla tənzimləmək lazımdır. Məsələn, Çində statistikalara görə “Tiktok”da ən çox baxış yığan elmi istiqamətdə paylaşımlardır. Aşağı səviyyəli, ucuz paylaşımların baxış səviyyəsi də xeyli aşağıdır”.
Bunu Editor.az-a Ağ Partiya sədri Tural Abbaslı ötən gün “Tiktok”da əyləncə yarışları təşkil edən şəxslərin saxlanılması ilə bağlı fikirlərini bölüşərkən deyib.
Partiya sədri bildirib ki, ötən gün saxlanılan tiktokerlərin saylarının az olmasına baxmayaraq fəaliyyətlərinin geniş olduğu üçün “Tiktok” dedikdə insanların ağlına əxlaqi dəyərləri pozan paylaşımlar gəlir:
“Məncə dövlət bunu qanunla tənzimləməlidir. Sosial şəbəkələr kütləvi media yayım kateqoriyasına daxildir. İstər “Tiktok”, istər “facebook”, istərsə də “instagram” və digər sosial şəbəkələrdən istifadə üçün ümumi bir qanunvericilik olmalıdır. Milli Məclis tərəfindən bunlarla bağlı müəyyən davranış normativləri müəyyən edilməli və onlara uyğun olaraq inzibati tənbehdən daha çox cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Çünki bir çox halda 15, 30 sutka həbs olunanların çoxu çıxdıqdan sonra daha çox əməlini azır. Hüquq mühafizə orqanlarının tiktokerlərlə bağlı son əməliyyatlarını tam dəstəkləyirəm. Daxili İşlər Nazirliyinin bu istiqamətdə insanların sosial həyatını düşünərək onları narahat edən sosial şəbəkə istifadəçiləri ilə bağlı tədbirlər görməsi təqdirəlayiqdir. Hesab edirəm ki, Milli Məclis sosial şəbəkə istifadəçiləri ilə bağlı qanunverici baza yaratmalıdır”.
//Gülnarə Abasova, Editor.az

