Bakının Binəqədi rayonu ərazisində iki binanın arasındakı həyətdə aparılan qazıntı işləri vətəndaşları çətin vəziyyətə salıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, rayonun S.S.Axundov küçəsi, bina 11b ilə bina 7c-nin arasındakı yolda qazıntı işlərindən sonra yol əvvəlki vəziyyətinə gətirilməyib.
“Ərazidə kanalizasiya problemi ilə bağlı iş görüblər. Sonra da elə qazılmış vəziyyətdə qoyub çıxıb gediblər. Yağış yağandan sonra isə qazılan torpaq çöküb və vətəndaşın maşını qurumun qazdığı çuxura düşüb. Bu məsuliyyəti daşıyan isə yoxdur”,- deyə şikayətdə bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Binəqədi Rayonu icra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib.
“Qeyd olunan problemlə bağlı aidiyyəti üzrə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət olunub. Məsələ nəzarətimizdədir”, – deyə məlumatda bildirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən ünvanda bir neçə gün öncə tullantı su xətti ilə bağlı qazıntı işləri aparılıb, xətt təmir edilib.
“Ötən gün əraziyə baxış keçirən briqada ərazidə digər nəqliyyat vasitəsinin saxlanılması səbəbindən xəndəyin doldurulmasını həyata keçirə bilməyib. Bu gün ərzində lazımi tədbirlər görüləcək”, – deyə məlumatda vurğulanıb.

