Binəqədidə məsuliyyətsizlik ucbatından baş verən dördüncü yanğın, həlak olan yanğınsöndürən – İDDİAbackend

Binəqədidə məsuliyyətsizlik ucbatından baş verən dördüncü yanğın, həlak olan yanğınsöndürən – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayış-yanğın hadisəsinin ardından yeni iddialar ortaya çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, bu “Bakı Ağac Emalı” ASC-də baş verən ilk yanğın deyil.

Bunadək dəfələrlə sözügedən obyektdə yanğın olub, hətta ölüm hadisəsi də qeydə alınıb. Görünən odur ki, baş verən yanğınlara baxmayaraq, yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülməyib. Məsələ burasındadır ki, yanğınlardan biri 2013-cü ilin dekabrında qeydə alınıb.

11 il əvvəl Ağac Emalı zavodunun ərazisində ümumi sahəsi 2 000 kvadratmetr olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kvadratmetr sahədə yanıb. Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub.

Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Zaur Eyvazov beton piltənin üzərinə düşərək həlak olub. 2018-ci ildə də zavodun ərazisində yanğın baş verib, təxminən 500 kvadratmetr ərazidə işlənmiş avtomobil şinləri yanıb.

2022-ci ildə isə Ağac Emalı Zavodunun ərazisində 900 kvadratmetr sahədə məişət tullantıları və yarasız təkərlər, üç ədəd ağac və yaxınlıqda ümumi sahəsi səkkiz kvadratmetr olan külafirənginin yanar konstruksiyaları yanıb.

Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir. İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.