Böyük Britaniyalı həkim Raj Arora dərinin qocalma prosesini sürətləndirən yuxu mövqeyi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, söhbət geniş yayılmış və bir çox insan üçün rahat hesab olunan yan üstə yatma vərdişindən gedir. Lakin mütəxəssis bildirir ki, bu mövqe erkən qırışların yaranmasına səbəb ola bilər.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Həkim izah edir ki, yuxu zamanı üzün saatlarla yastığa təzyiq altında qalması davamlı sürtünmə və sıxılma yaradır. Nəticədə zamanla “yuxu qırışları” adlandırılan izlər formalaşır və bu izlər dərinləşərək qalıcı qırışlara çevrilə bilər.
Bundan əlavə, daim eyni tərəf üstə yatmaq üz simmetriyasının pozulmasına da gətirib çıxara bilər. Vaxt keçdikcə üzün bir tərəfi digərinə nisbətən daha çox nəzərə çarpa bilər. Xüsusilə dəri elastikliyi azaldıqca qocalma əlamətləri daha qabarıq şəkildə üzə çıxır.
Nevroloq və yuxu üzrə mütəxəssis Rachel Salas isə bildirir ki, dərinin daha gənc görünüşünü qorumaq üçün ən optimal yuxu mövqeyi arxa üstə yatmaqdır. Bu vəziyyətdə üz yastıqla təmasda olmadığı üçün dəriyə əlavə təzyiq göstərilmir.
Əgər yan üstə yatmaq vərdişindən imtina etmək çətindirsə, həkimlər ən azı pambıq yastıq üzlüklərini ipək və ya atlas materialla əvəz etməyi tövsiyə edirlər. Bu cür parçalar sürtünməni azaldır və dərinin zədələnmə riskini minimuma endirir.
//Gülnarə Abasova, Editor.az

