44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbə dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı.
Müstəqilliyimizi şanlı hərflərlə tarixin yaddaşına həkk edən ümummilli lider Heydər Əliyev atadan oğula vəsiyyəti və bu amal uğrunda apardığı mübarizə ilə Azərbaycanın qazandığı şanlı Zəfərin bünövrəsini qoyub.
Həm torpaqlarımızın işğal altında olduğu 30 il ərzində, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət hərbi, siyasi arenada Azərbaycanın qalib, sarsılmaz birliyini bütün dünyaya göstərdi. Bir sıra ölkələr və xarici təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan “qarayaxma” kampaniyaları Azərbaycan dövlətinin, xalqının mübarizə əzmini bir an belə qıra bilmədi. 30 ildə BMT TŞ-nın qəbul etdiyi qətnamələri 44 günlük müharibədə Azərbaycan özü icra etdi. Müharibə boyu beynəlxalq prinsiplərə məhəl qoymayan Ermənistanın mülki insanları hədəf seçməsi isə cılız siyasətinin bariz nümunəsidir.
Lakin Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u və Müzəffər Ordumuzun gücü Ermənistana layiqli dərsi verdi, düşmənin ayağını torpaqlarımızdan birdəfəlik kəsdi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri, sülh və insanlıq əleyhinə törətdikləri cinayətlər onlara baha başa gəldi.
44 günlük Vətən müharibəsinin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. İflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticədə rüsvayçı şəkildə məğlub oldu. Bununla da Azərbaycan Silahlı Qüvvələri “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 günlük müharibədə qazandığımız möhtəşəm qələbəni Ali Baş Komandanımız və Müzəffər Azərbaycan ordusuna borcluyuq.Yaşasın Azad və müstəqil Azərbaycan!
Ayət Ağayev


