Bu gün saat 14 radələrindən etibarən Bakının mərkəzi hissələrində sərnişindaşıma xidməti göstərən 65 saylı marşrut xəttinə məxsus avtobuslar “Sovetski” adalanan ərazidə qalıb.
Bu barədə qafqazinfoya xətt üzrə daşıyıcı şirkətdən məlumat verilib. Bildirilib ki, Murtuza Muxtarov küçəsində avtomobillərin səliqəsiz parkinq edilməsi səbəbindən 65 saylı marşrut xətti üzrə çoxsaylı iritutumlu avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət 1 saata yaxındır tamamilə dayanıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stressə səbəb olur.
Bu görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin də münasibətini öyrəndik. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin baş inspektoru Araz Əsgərli açıqlamasında bu kimi hallara məsuliyyətsiz sürücülərin səbəb olduğunu bildirdi: “Hər gün deyirik ki, dayanma-durma qaydalarını yolun hərəkət hissəsini zəbt etməklə pozmayın. Bu ehtiyaclarınızı digar insanların haqlı narazılıq və narahatlığına səbəb olacaq formada etməyin, paytaxtda süni sıxlığın yaranmasına səbəb olmayın. Təəssüf ki, bəzi insanlar məsuliyyətli yaşamağın nə olduğunu qəbul etmək istəmirlər, avtomobillərini eqoistcəsinə harada gəldi saxlayırlar. Daxili İşlər Nazirliyindən çox yol hərəkəti qaydaları barədə maarifləndirici, məlumatlandırıcı tədbirlər görən yoxdur. Lakin yenə də bir qrup məsuliyyətsiz sürücülər həm bizim, həm də vətandaşıarımızın işini çətinləşdirməkdən əl çəkmir. Bəzi insanlar başa düşməlidir ki, bu şəhərdə əhali sıx məskunlaşıb, avtomobil sayı çoxdur, burada kim ürəyi necə istəyir hərəkət etməməlidir və istəsə də edə bilməz, bu da bariz nümünə… Bir daha hər bir hərəkət iştirakçısından məsuliyyətli rəftar etməyi, nizam-intizamsızlığın qəbul edilməz olduğunu unutmamağı xahiş edirik”.

