Bir neçə aya çox şey dəyişə bilər: “Bu hadisələrin regiona da təsiri böyük olacaq”backend

Bir neçə aya çox şey dəyişə bilər: “Bu hadisələrin regiona da təsiri böyük olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan hakimiyyəti öz tarixindən dərs almış kimi görünür. 2008-ci ildə Gürcüstan və Rusiya arasında baş verən hadisələrin dərslərini indiki gürcü hakimiyyəti yaxşı öyrənib. Elə o vaxtlar da hakimiyyətdə olan Qərbyönlü Saakaşvili hökümətinin üzvləri Qərbə inanmağın doğru olmadığı qənaətinə gəldiklərini ikili söhbətlərdə bildirirdilər. Bu söhbətlər mətbuatda yayılırdı. Bunun nəticəsi idi ki, gürcü xalqı yenidən Qərbyönlü birini yox, Rusiyanın adamı olduğu deyilən İvanişvilini Baş nazir seçməyi üstün tutmuşdular. Görünən odur ki, bu gedişat hələ də davam edir.”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Gürcüstanda Ukraynanın “Maydan” hərəkatını təkrarlamaq planları hər zaman olub:

“Amma gürcü hakimiyyəti öz dərsinə yaxşı çalışıb. Buraxılan səhvləri yenidən etmək istəmir. Rusiya ilə münasibətlərini normal saxlamaq istəyir. Görünüşdə iki ölkə arasında bir çox məhdudiyyətlər var. Bu, Rusiyanın Gürcüstanın torpaqlarının işğalı ilə əlaqəlidir. Demək olar ki, diplomatik əlaqələr yox səviyyəsindədir, amma statistikaya görə Gürcüstan vətəndaşları ən çox Rusiyaya gedir, orda işləyir, eləcə də Rusiya vətəndaşları Gürcüstana gəlir. Payızda keçiriləcək seçkilərdə gərginliyin olacağı proqnoz ediləndir. “Xarici agent” qanunu deyilən qanunun nəhayətdə qəbulundan sonra seçkilərdə hadisələrin daha da mürəkkəbləşəcəyi gözlənilir. Hesab edirəm ki, bir neçə aya çox şey dəyişə bilər. Ukraynada Rusiyaya qarşı aparılan kampaniyada ciddi dəyişikliklər gözlənilir. Odur ki, bu hadisələrin də regiona təsiri böyük olacaq. Ümid edirik ki, Gürcüstan xalqı öz yolunu özü müəyyən edəcək. Gələcəyini daxili mübarizənin sivil yolları ilə quracaq”.

//Gülnarə Abasova, Editor.az