Bir oğlu şəhid oldu, bir oğlu əlini itirdi, biri də ağır yaralı… – FOTObackend

Bir oğlu şəhid oldu, bir oğlu əlini itirdi, biri də ağır yaralı… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az, SOSİUM.az və Asiya.az portallarının əməkdaşları Cəlilabad rayonunun Günəşli kəndində şəhid ailələrini ziyarət edib

Qarabağ müharibəsi taleyini qəsb etdiyi insanları bir bomba atəşinin ətrafa səpələdiyi qəlpələr kimi Azərbaycanın hər tərəfinə və hətta, onun sərhədlərindən uzaqlara səpələyib. 8 noyabr tarixli zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi, dədə-baba torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün bərpası, bir millət, bir dövlət olaraq özünü təsdiqi kimi qızıl hərflərlə şanlı tariximizə yazıldı.

Lakin müharibə bitsə də… Onun doğurduğu nəticələr, fəsadları qalmaqdadır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, qarşıda bizi erməni terroruna məruz qalan tarixi torpaqlarımızın bərpası, şəhid ailələri və qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması kimi müqəddəs missiya gözləyir.

Azərbaycanın elə bir şəhəri, rayonu, qəsəbə və kəndi yoxdur ki, oranın döyüşlərdə iştirak etməyən hərbçisi olmasın. Onların arasında öz canını fəda edən, şəhidlik zirvəsinə yüksələn, sağlamlığını itirən qardaşlarımız da az deyil.

Cəlilabad rayonunun Günəşli kəndi İkinci Qarabağ müharibəsi zamanı iki övladını şəhid verib, ikisi isə öz sağlamlığından məhrum olunub. Ən dəhşətlisi odur ki, bu kənddə bir ailənin – Babaşovlar ailəsinin döyüşdə olan üç oğlundan biri şəhid olub, biri əlini itirib, digəri isə ağır yaralanıb. Özü də bu qardaşların hər üçü eyni mövqedə düşmənə qarşı döyüşüb. Suqovuşan və Talış yüksəkliyinin azad olunmasında misilsiz xidmətlər göstərmiş zabit Elçin Ağayev də bu kəndin yetirməsidir. Bu barədə bir qədər sonra…

Uzun illər müxtəlif millətlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı, Azərbaycanın yüksək tolerantlıq nümunələrindən sayılan Günəşli kəndi Sovetlər dönəmində Pokrovka adlanıb. Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən olan Günəşli Alar kəndi ilə həmsərhəddir. Kənddə iki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanılır.

Hər bir kəndin tarixindən danışarkən onun qəhrəmanları və ziyalılarının adının üzərindən sükutla keçmək olmur. Günəşli kəndində doğulub boya-başa çatan Zöhrab Ağakişiyev hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır və böyük tikinti şirkətlərindən birinə rəhbərlik edir. Uzaq Avropada yaşasa da, ürəyi daim Azərbaycan həsrəti ilə döyünən Zöhrab Ağakişiyev ilin yarısını doğma Günəşlidə olur və kəndin abadlaşdırılması, tarixi dəyərlərin təbliği istiqamətində yoruldum demədən çalışır. Ehtiyacı olan insanlara hər zaman yardım əlini uzadır. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı da Z.Ağakişiyev bir gün belə proseslərdən kənarda qalmayıb və Azərbaycan Ordusuna öz yardım əlini uzadıb. Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşən hərbçilərin ailələrini bir an belə diqqətdən kənarda qoymayıb.

Bizim Günəşli kəndinə səfərimiz və şəhid ailələrini ziyarətimiz də Zöhrab müəllimin təşəbbüsü ilə baş tutdu. Özü pandemiya səbəbindən Azərbaycanda olmasa da, ailə üzvləri bizi müşaiyət etdi. Elə ordaca xəbər tutduq ki, döyüşlər zamanı ağır yaralanan və əlini itirən Nurlan Babaşlı üçün Zöhrab Ağakişiyev ev tikdirir. Qardaşının adına olan 12 sot torpağı qazinin adına rəsmiləşdirib və artıq tikinti işlərinə start verib. Niyə məhz bu torpaq? Başqa yerdə yox, məhz öz qonşuluğunda? Səbəb maraqlıdır – “Mən istəyirəm ki, Nurlan bizimlə qonşu olsun. Çünki belə qəhrəmanlarla birgə yaşamaq milli dəyərlərin təbliği, vətənpərvər gənc nəslin yetişməsi deməkdir. Mən də istəyirəm ki, övladlarım vətənpərvərlik ruhunda tərbiyə alsınlar”.

Kənd ağsaqqalı Hacı İxtiyar Bayramov kəndin ilk ali təhsilli aqronomudur. Uzun müddət aqronom kimi çalışıb və Cəlilabad rayonunun Azərbaycanın aparıcı aqrar rayonlarından birinə çevrilməsində xidmətləri olub. Hacı İxtiyar bildirir ki, Zöhrab onların gözünün qarşısında böyüyüb: “Uşaqlıdan mərd, vətənpərvər oğlan olub. Zəhmətkeş ailədə böyüyüb. Atası usta idi, kənddəki əksər evləri o, inşa edib. Zöhrab həyatda nə uğur qazanıbsa, öz gücünə edib. Kəndimiz bu gün Zöhraba güvənir, çünki xeyriyyəçidir. Kimin nə problemi varsa, birinci üz tutduğu ünvan məhz Zöhrabdır”.

Braun təxəllüslü Zöhrab Ağakişiyevin atası Rəsul kişi deyir ki, oğlu 23 ildir Azərbaycanı tərk edib və ölkəni tərk edəndə 27 yaşı var idi: “Zöhrabın hazırda 50 yaşı var. Berlinə gedəndə maddi vəziyyəti yüksək deyildi. Hər şeyə sıfırdan başlayırdı. Ona görə, çox narahat idik. Lakin Zöhrab bu gün Almaniyada sayılıb-seçilən iş adamlarındadır. Mən özüm 2006-cı ilə qədər ustalıq etmişəm. Gördüyünüz bu evlər var ha, çoxunu mən tikmişəm. Zöhrab mənə ikinci həyat bəxş edib. Çünki o, təkcə bizə yox, bütün həmkəndlilərinə səxavət əlini uzadır. Bir ata üçün isə bundan artıq fəxarət ola bilməz”.

Zöhrab müəllimin qardaşı Sərraf və Hacı İxtiyarın oğlu Mirsalamla birlikdə TİA.az, SOSİUM.az və Asiya.az portallarının kollektivi şəhid ailələrini ziyarətə üz tutur. İlk üz tutduğumuz ünvan Babaşovlar ailəsidir. İkinci Qarabağ müharibəsində bir oğlunu itirən, biri qazi olan, biri də ağır yaralanan ailənin evində bizi ilk qarşılayan İlqar olur. 3 yaşlı şəhid övladı həbri mundirdə bizi salamlayır.

Ailənin yaxın qohumu, peşəkar hərbçi, polkovnik-leytenant Vahid Mirzəyev bildirir ki, hər üç qardaş eyni ərazidə döyüşüb və bir-birinə hayan olublar: “Bu ailədə həmişə vətənpərvərlik ruhu çox yüksək olub. Təsadüfi deyil ki, hər üç qardaş hərb sənətini seçib. Bayram zabit, baş leytenant, bölük komandiri, Nurlan və Vüqar isə MAXE kimi qulluq keçib. Atalarını erkən itirən ailənin bütün ağırlığı anaları Səidə xanımın üzərinə düşüb. Ana bütün maddi məhrumiyyətlərə baxmayaraq, bu cür ləyaqətli, vətənpərvər övladlar yetişdirib. Ailənin böyük övladı Vüqar, ortancılı Bayram, kiçiyi isə Nurlandır. Bayram Naxçıvanski adına Hərbi Məktəbi, ardınca Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Müxtəlif xarici dövlətlərdə snayper kurslarında iştirak edib. Peşəkar hərbçi kimi, Murov istiqamətində xidmətdə olub.  Şəmkir korpusunun nəzdində xüsusi taborda qulluq edib. Hər üç qardaş müharibə başlanan gündən, Kəlbəcər istiqamətində strateji əhəmiyyətli yüksəkliklərdə döyüşüblər”.

Bayramın qardaş Nurlan Babaşlı döyüşlər zamanı ağır yaralanıb və sağ əli ambutasiya olunub. Gəncə şəhərində əməliyyat olunan Nurlan hazırda reabilitasiyanı davam etdirir. Dediyinə görə, qardaşları ilə birlikdə ağır relyef şəraitində döyüşüblər və bu vətən uğrunda nəinki əlini və ya hər hansı əzasını, canını verməyə hazırdır: “Bayram şəhid oldu. O daha şərəfli zirvəyə ucaldı. Biz döyüşlərə qatılarkən bilirdik ki, şəhid ola bilərik. Lakin buna baxmayaraq, bütün Orduda ruh yüksəkliyi var idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şərəf mübarizəsi apardıq və düşməni məğlub etdik. Böyük qürur hissi keçiririk ki, həm şəhid qardaşım, həm də biz döyüşçü qardaşlar bu müqəddəs işə öz töfhəmizi verdik. Bu gün dövlətin rəhbərliyi bizə qayğı göstərir. Reabilitasiya kursum davam edir. Almaniyada yaşayan həmkəndlim Zöhrab Ağakişiyev mənə torpaq bağışlayıb və ev tikəcək. Qədirbilən xalqımız bizə öz dəstəyini əsirgəmir. Mənəvi dəstək göstərilir və bu bizə stimul verir”.

Hazırda xidmətini davam etdirən ailənin böyük oğlu Vüqarın sözlərinə görə, dekabrın 31-də yenidən geri qayıdacaq: “Mən Bayramın nəşi ilə birlikdə gəldim. Onunla sonuncu görüşüm… (qəhər boğur). Bayramı itirmək ağırdır. Təsəvvür edəndə ki, daha Bayram olmayacaq, bunu qəbul etmək çətindir. Bayram mənim həm qardaşım, həm dostum, həm də əsgərlik yoldaşımdır. Həyatımın bütün mərhələsi onunla keçib. Bu gün isə anlayıram ki, artıq o yoxdur. Amma düşünəndə ki, Bayram torpaqlarımızın azadlığı uğrunda şəhid olub, bu adama təskinlik verir. Axı hamımız bir gün öləcəyik, Bayram seçilmişlərdən oldu. Biz döyüşçüyük və döyüşlərə qatılanda bilirdik ki, şəhid ola bilərik. Şəhidlik Bayramın alın yazısı oldu. Nurlan da qazi oldu. Mən də ağır yaralandım. Qolumdan və ayağımdan zədələr aldım. Dekabrın 31-də yenidən xidmətə qayıdacağam. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an yenidən döyüşməyə, ölməyə hazıram. Biz bu zəfəri birgə qazandıq. Başda Ali Baş Komandan olmaqla hər birimiz fəxr edirik ki, Azərbaycan xalqınıza qələbə zəfərini yaşatdıq”.

Üç hərbçi övladı böyüdən Səidə xanım bir övladının şəhid, bir övladının isə qazi olmasına yandığını desə də, qətiyyən peşman deyil: “Bayramın itkisini qəbul edə bilmirəm. Amma heç zaman içimdən məyusluq hissi keçmir. Bayram vətənin uğrunda şəhid oldu. Şanslı anayam ki, Allah mənə bu taleyi yazdı (qəhərlənir)”.

Daha sonra kəndin daha bir şəhidi – kapitan, bölük komandiri Elçin Ağayevin ailəsini ziyarət edirik.

Nə qədər çətin olsa da, deyək ki, Elçin iki uşaq atasıdır – bir qız, bir oğlan yadigarı qalıb. Bir övladı da olacaq. Amma təəssüf ki, Elçin onu görə bilməyəcək. Lakin o körpə böyüyəcək və hər zaman fəxr edəcək ki, atası vətən uğrunda şəhidlik mərtəbəsinə ucalıb.

Şəhidin atası Zakir Ağayev deyir ki, anası hərbçi olmasını təkid edib və Elçin də anasının arzusunu yerinə yetirib: “Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə Ali Hərbi Məktəbi bitirib və zabit kimi xidmətə başlayıb. Həmişə deyərdi ki, düşmən bizim torpaqlarımızda ola bilməz və bu ona ağır gəlirdi. Könüllü olaraq ön cəbhədə qulluq edib. 2016-cı ildən Tərtər zonasında qulluq edirdi. Sentyabrın 27-dən döyüşlərə qatıldı və Suqovuşan və Talış yüksəkliyi uğrunda döyüşlərdə iştirak etdi. Demək olar hər gün danışırdıq. Özünü elə aparırdı ki, sanki müharibədə deyil, ənənəvi hərbi xidmətdədir. Deyirdi “ata, ermənilər qabağımızdan elə qaçırlar ki…”.

Nə vaxta qədər başımız qapazlı olmalıydı. Ali Baş Komandan, böyük sərkərdəmiz İlham Əliyevin uzagörən rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi. Qələbə zəfərini sevinc göz yaşları ilə qarşıladıq. Çünki tarixi torpaqlarımıza qovuşurduq, övladlarımızın qanı yerdə qalmırdı. Zəfər günü Elçinin məzarını ziyarət edib, bu şad xəbəri ona çatdırdıq. Oktyabrın 5-də şəhid oldu. 7-də isə dəfn etdik”.

Xəbəri almasından danışan şəhid atası bildirir ki, Elçin ailəsi ilə birlikdə Naftalan şəhərində yaşayırmış: “Ön cəbhədə olduğu üçün ailəsi ilə düz-əməlli görüşləri olmurdu. Müharibə getdiyi dövrdə tez-tez telefonla danışırdıq. Bir müddət telefon əlaqəsi kəsildi. İcra nümayəndəsi Xanlar Şabanov mənə zəng etdi ki, oğlun yaralanıb. Şəhid olmasını deyə bilmədi. Amma mən uşaq deyildim, başa düşdüm ki, artıq Elçin daha yoxdur. Danışa bilmir…”.

Elçinin anası Zemfira xanımın sözlərinə görə, oğlunun şəhid olması onun üçün çox ağır xəbərdir: “Elçinin hərbçi olmasını mən istəmişəm. Birinci dəfə hərbçi forması geyinəndə “Dedim bala, əsl kişi formasıdır”. İlk dəfə “Space” TV-də yoldaşlarından o çıxış etdi. O məni arzuma çatdırdı, amma ömrü yarımçıq qaldı”.

Müəlliməsi Reyhan Ağayeva Elçinin nümunəvi şagirdlərdən biri olduğunu qeyd edir: “Çox tərbiyəli, savadlı bir şagird idi. Çox iltizamlı idi, müəllimli, şagirdli hamı onu sevirdi. Bütün ictimai işlərdə fəal iştirak edirdi. Vətən haqqında inşa mövzularını hamıdan yaxşı Elçin yazardı. Vətənə çox bağlı oğul idi. Onun ölümü bizim üçün sarsıdıcıdır. Hələ də inanmırıq ki, o artıq yoxdur. Çünki o ölməyib, yaşayır və yaşayacaq”.

Qardaşı Aslan yaşca Elçindən böyük olsa da, ondan çox şey öyrəndiyini deyir: “Elçindən çox şey öyrənmişəm. O, öz şəhidliyi ilə bir daha bizə vətəni sevməyi öyrətdi. Çox gözəl qardaş idi. Şəhidliyi ilə mənim başımı uca etdi. O, həmişə mənim başımı uca edib. Ölümündən qabaq danışdıq. Çox əmin idi, məni də əmin etdi. Bu əminlik təsadüfi deyildi. Çünki qarşıda bizi böyük zəfər gözləyirdi. Elçin özü bu günü görməsə də, bu tarixi bizə yaşadanlardan oldu”.

Günəşli kəndinin icra nümayəndəsi Xanlar Şabanovun sözlərinə görə, Elçin, Bayram və qazilərimiz Vüqar və Nurlan, bütün əsgələrmiz bizim şərəf tariximizdir: “Onlar ölkəmizin qələbə tarixini yazdılar. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə xalqımız ZƏFƏR TARİXİ yazdı. Elçin bizim sevimlimiz idi. Qəhər boğur…”.

Qonşusu Nail Bəndəliyev Elçini daim xoş xatirələrlə xatırlayacağını deyir: “Həm Elçin, həm də Aslan çox nümunəvi uşaqlar idi. Olduqca savadlı, istedadlı idilər. Həmişə bu qardaşları öz uşaqlarımıza nümunə göstərirdik. Elçin cismən aramızda yoxdur, amma ruhu bizimlədir. Eşq olsun Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna!”.

Qayınanası Durna İsmayılova: Elçin kürəkən deyildi, o həm də oğul idi. O qədər təvazökar, gözəl insan idi. Həyatım boyu belə olub. Bütün sevdiklərimin ömrü qısa olub. Bacımın oğlu da döyüşlərdə həlak oldu.

Elçinə həsr etdiyi bayatını səsləndirir:

Ağlaram ağlar kimi,

Dərdim var, dağlar kimi,

Xəzəl olub tökülürəm,

Viranə bağlar kimi.

Bağa girməli deyil,

Gülün dərməli deyil,

Gedib bağın bülbülü,

Gülün dərməli deyil.

Hər rütbə alanda bizdə bayram olardı. Elçin elə bir övlad idi ki, onun yerinə ölməyə hazır idim. Bacımın oğlu da Elçinin arxasınca getdi. O da şəhid oldu. Qonşu Alar kəndindəndir. Bu gün bizim üçün iki övlad yadigarı qalıb, üçüncü övladı da olacaq. Elçin nigaran olma, övladlarını qoruyacağıq. Adına və şərəfinə uyğun.

Hazırda məzuniyyətdə olan Elçin Ağayevin əsgəri, döyüş yoldaşı Səyyad Niftiyev deyir ki, bir ildir Elçinin rəhbərliyi altında qulluq edir: “Yaşasaydı, Azərbaycanın ən tanınmış hərbçilərindən olacaqdı. Bizə təkcə komandir deyildi, böyük qardaş idi. Döyüşdən qabaq ailəli əsgərləri arxada saxladı, özü ailəli olsa da, subay əsgərlərlə birlikdə irəlilədi və həmin döyüşdə şəhid oldu”.

Sonda şəhidin ailə üzvləri ilə birlikdə məzarını ziyarət etdik. Məzarla ev arasında məsafə çox qısadır. Məzarlıığın yaxınlığında sahibkar Zöhrab Ağakişiyevin dəstəyi ilə Şəhidlər Xiyabanı inşa edilir.

Kəndə ziyarətimiz zamanı bir daha əmin olduq ki, Azərbaycan xalqı və bu xalqın sadə nümayəndələri sözün əsl mənasında dünyanın ən mərd xalqıdır. Övladını itirən ana “Fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub” deyə bilirsə və ya yaşlı şəhid atası “Ali Baş Komandan əmr etsə, mən də oğlum kimi şəhid olmağa hazıram” sözünü ifadə edirsə, demək bu ölkədə yaşamağa da, döyüşməyə də, şəhid olmağa da dəyər.

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqı görünməmiş birlik nümayiş etdirdi. Məhz bu birliyin nəticəsidir ki, nəinki ölkəmizdə, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da bir yumruq kimi birləşdilər. Eynən Braun (Zöhrab Ağakişiyev) kimi.

Beləcə Cəlilabad rayonunun Günəşli kəndindən olan şəhid ailələri və qazi qardaşlarımızın ziyarətini başa vururuq.

Əlişir Əhəd, Azər Niftiyev, Cəfər Cəfərov

(Bakı-Cəlilabad-Bakı)