Bir oğuldan danışacam bu gün sizə-GÜLƏR MÜBARİZ YAZIRbackend

Bir oğuldan danışacam bu gün sizə-GÜLƏR MÜBARİZ YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Son nəfəsinədək düşmənin gözünə dik baxan, namərdə yenilməyən, özünü Vətənə qurban edən… Hacıyev Elmaz Elmar oğlu— özü körpə ikən iki körpə bala yadigar qoyub gedən, gənc yaşlarında mükəmməl ata olan, ailəsinə mükəmməl övlad olan, övladlarını bizə əmanət edən şəhidimiz… Şəhid olduğu vaxtdan neçə vaxt sonra tapılan şəhidimiz, xəzəl altda uzun müddət torpağa tapşırılmasını gözləyən Elmazımız…

Bir anadan danışacağam sizə… Oğlunun şəhid olduğunu ilk andan hiss edən, röyasından oğlunu tapdığı anadan…
Çox söhbət etdik anayla; Bir hissəsini yazacağam bura…
“-Qızım, könüllü getdi mənim balam. Dedim getmə,bala, iki körpə balan var, cavan gəlinin var(19 yaşlı) Dedi yox,ana, gedəcəm… Getdi.. Bir ay sonra oğlunun ad günü idi, axşam tort kəsirdilər,gördüm ürəyim yanır az qala..Uşaqları qorxutmayım deyə keçdim bir qırağa çökdüm yerə..

image-img-20231208-wa0032
Həmin gecə zülümlə yatdım ,bala, bəlkə də Allah yuxu verdi mənə ki Elmazdan xəbər bilim. Gördüm bir dağın yoxuşunda alma ağacı var, Elmaz uzanıb yerə,dedi “ana,məni vurdular, mən şəhid oldum” Baxıram ki, yanında yerdə bir qara qutu var.
Deyirəm, bala ,bəs bu nədir?
Deyir ,ana , rabitə qovşağının kəməridir.
Boynu yaralıdır, dedim ,nə olub ora?
Dedi ki, ana ordan vurdular.”
Beləcə, ana oğlunun sorağıyla yola çıxır üzü dağlara sarı. Uzun müddətdən sonra xəbər alınır Elmazdan. Eyni ilə ananın yuxusundakı yerdən—dağın ətəyi ,alma ağacının altından. Eyni ilə yuxuda dediyi yerdən yaralı, yanında da həmin rabitə kəməri.
“-Bala, elə sevindim ki, tapılanda. Allah belə gün də yaşadarmış,sən demə… Sakitləşdim, bəs tapılmasaydı, neyləyərdim?“

Gözlərim yol çəkir yenə… Ana müqəddəsdən ötəymiş.Soyumuş çaya baxıram, gözlərim qalxmır yuxarı, ananın doluxsunmuş halını görsəm, özümü saxlaya bilməyəcəm. Nə deyim, bəzən kəlmələr yetmir ürəyimizdəkinə. Başının qara yaylığına qurban…