“Birinci ixtisas qrupundakı dəyişiklik abituriyentləri çətin vəziyyətə sala bilər”- Təhsil ekspertibackend

“Birinci ixtisas qrupundakı dəyişiklik abituriyentləri çətin vəziyyətə sala bilər”- Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Qəbul sistemində hər hansı  islahat və ya dəyişikliklər yəni tədris ili başladıqdan sonra həyata  keçirilməməlidir. Çünki artıq oktyabr ayı başa çatıb və abituriyentlər növbəti il üçün qəbul imtahanı hazırlıqlarına başlayıblar”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlərin əldə etdiyi nəticələr orta məktəbin nəticələri deyil:

“Abituriyentlər yaxşı nəticə göstərmək üçün mütləq hazırlıq kurslarına, repetitor yanına gedirlər. Artıq 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünüb. TC altqrupuna “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq”  ixtisası daxil edilib.  Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər  üçün coğrafiya fənnindən imtahan nəzərdə tutulub. Üçüncü ixtisas qrupunda dəyişikliyin ediləcəyi  gözlənilən idi. Çünki 2020-ci ildə Nazirlər Kabinetinin bununla əlaqədar qərarı var idi. Bu dəyişiklik üçüncü ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi kimi yox, bu fəndən əlavə olaraq  imtahan vermək imkanının yaradılması kimi qiymətləndirilməlidir. Bu da ancaq “beynəlxalq əlaqələr və “regionşünaslıq” ixtisasını seçən abituriyentlər üçündür. Yenə əvvəlki qaydada üçüncü ixtisas qrupuna daxil olan digər ixtisasları seçmək üçün abituriyentlər azərbaycan dili (rus), tarix və ədəbiyyatdan imtahan verəcək. Kimsə əgər “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasına qəbul olmaq istəyirsə, əlavə fənn olaraq coğrafiyadan da imtahan verəcək. İxtisas seçimində isə hər iki alt qrupun ixtisasları seçilə bilər”.

Təhsil eksperti bildirib ki,  bu dəyişiklik üçüncü ixtisas qrupu üçün müsbətdir:

” Çünki üçüncü qrupa əlavə ixtisasların daxil olması plan yerlərinin sayını artıracaq. Üçüncü ixtisas qrupunda hər il xeyli abituriyent ali məktəbə qəbul ola bilmirdi, hətta yüksək balla kəsilənlər də olurdu. Amma mövzu dəyişikliyi üçüncü qrupda abituriyentlərin sayını artıracaq. Bu da müsbət haldır. Lakin bu heç də gələcəkdə ixtisaslar üzrə fənlərin artırılması demək deyil”.

Ekspertin sözlərinə görə birinci ixtisas qrupunda baş verən dəyişiklə bağlı isə vəziyyət bir qədər fərqlidir:

“Ona görə ki, birinci ixtisas qrupunu seçim edəcək abituriyentlər artıq aşağı sinifdən kimya ixtisası üzrə hazırlaşırlar. Kimya biraz çətin fənn hesab olunur və biz birinci qrupa birdən-birə    informatika fənnindən imtahan salsaq, səkkizinci sinifdən kimya üzrə hazırlaşıb gələcəkdə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proqramlaşdırma və digər logistika ixtisaslarına qəbul olmaq istəyən şəxslərin arzularının üzərinə xətt çəkə bilərik. İndi Dövlət İmtahan Mərkəzi  təklif edir ki, birinci qrup üzrə ixtisaslara qəbul olmaq istəyənlər həm də informatika fənnindən imtahan versinlər. Əslində prinsipcə bu doğru yanaşmadır. Çox zaman  İKT ixtisasında təhsil alan tələbənin bu ixtisasdan  anlayışı olmur. Amma bu yerə qədər yaranan bir problem odur ki, hal-hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı məhz informatika fənnindəndir. Baxmayaraq ki, məktəblərdə informatika fənni 1-ci sinifdən 11-ci sinifə qədər tədris edilir, amma Azərbaycanda bunu tələb edən test bazası yoxdur. Yəni informatikadan imtahan keçirilən magistratura pilləsində, dövlət qulluğuna qəbulda müəyyən materiallardan istifadə edilsə də  test bazası yoxdur. Digər fənlər nəzəri fənlərdir, lakin informatika praktik fəndir. Bizim hal-hazırda mövcud dərsliklərimiz test tapşırıqlarını hazırlamağa uyğun deyil, digər tərəfdən orta məktəblərdə də informatika fənni qəbul imtahanında istifadə ediləcək qədər keyfiyyətli tədris edilmir. Bunun yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Birdən -birə hansısa nümunə testini hazırlamaqla vəziyyətdən çıxa bilmərik. Üçüncü  qrupda  coğrafiya fənni 2022-ci il qəbul imtahanlarında tətbiq edilə bilər. Hal-hazırda 11-ci sinifdə oxuyan abituriyentlər bundan yararlana bilər. Lakin birinci qrupa bunu tətbiq etmək düzgün deyil. Çünki şagirdlər informatika fənnini kifayət qədər mənimsəmir, eyni zamanda bu fənn üzrə biliklərin yoxlanılması üçün nümunəvi test tapşırıqları yoxdur. Xüsusilə, bölgələrdə ciddi şəkildə informatika müəllimi çatışmazlığı var. Baş verən bu dəyişiklik  abituriyentləri çətin vəziyyətə sala bilər. Uzun müddətdir qəbula hazırlaşan şagirdlərdə həm də psixoloji çətinliklərin yaranacağı birmənalıdır. Əgər növbəti il informatika fənni birinci ixtisas qrupuna daxil edilərsə,gələn il birinci qrupdan imtahan verənlərdən yüksək nəticə gözləmək mümkün deyil. Bununla bağlı ölkədə ümumiyyətlə, repetitorluq sistemi formalaşmayıb. Bir daha təkrar edirəm ki, hal-hazırda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul orta məktəblərin yox,  repetitorluq sisteminin nəticəsidir. Ona görə birinci ixtisas qrupu üçün nəzərdə tutulmuş bu dəyişiklik yaxın iki ildə həyata keçirilməməlidir. İnformatika fənninin hal-hazırda qəbul imtahanına əlavə edilməsi müsbət nəticələr verməyəcək. Valideynlərin də bu istiqamətdə haqlı narazılıqları var, çünki təhsil sistemində baş tutan dəyişikliklərdə abituriyentlər də mütləq nəzərə alınmalıdır”.

//Gülnarə Abasova, Editor.az