“Biz axmaqlıq etdik, bu da çox gülməyin sonu” – Erməni hərbçi etiraf etdibackend

“Biz axmaqlıq etdik, bu da çox gülməyin sonu” – Erməni hərbçi etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Arqumentı i faktı” qəzetinin əməkdaşı Georgi Zotov Ermənistanın paytaxtı Yerevandakı müharibəsonrası təəssüratlarını qələmə alıb. O, ermənilərin Birinci Qarabağ müharibəsindən sonra eyforiyaya girdiyini bildirib, payızdakı müharibənin məğlubiyyətlə bitməsini isə onların əsassız özgüvəninin məntiqi nəticəsi olaraq görüb.

Yenisabah.az ”Arqumentı i faktı” qəzetinin məqaləsini təqdim edir:

Yerevanda tez-tez arxa pəncərəsinə hərbi formalı oğlanın ağ-qara şəkli yapışdırılmış maşınlara rast gəlmək olar. Onlar bu yaxınlarda Dağlıq Qarabağ uğrunda Azərbaycanla 44 günlük müharibədə ölən ata, qardaş və ya oğuldur.

Rəsmi məlumatlara görə, 4 min, qeyri-rəsmi isə 7 min erməni əsgər öldürülüb. Bu, əhalisi üç milyondan az olan bir ölkə üçün dəhşətli itkidir. “Tam bir fəlakət idi. Heç döyüşməyi belə çatdırmadım. Cəbhəyə gəldim, iki gün sonra postda oturub konyak içirik, birdən yüngül vızıltı səsi gəlir və “Part!”. Artıq xəstəxanadasan. Bu, türk pilotsuz uçuş aparatlarının zərbəsi idi. İki dostum paramparça oldu, mən möcüzəvi şəkildə sağ qaldım, əlim zədələndi”, – deyə mənə iki barmağı qopmuş əlini göstərən Armen Mnatsakanyan danışır. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixinədək davam edən Qarabağ müharibəsi tam göstərdi ki, silahlı qarşıdurmada qalib gəlmək üçün sadəcə cəsarət kifayət deyil. Düşmənin imkanlarının ayıq qiymətləndirilməsinə, ən sərt nizam-intizama və müasir texniki avadanlıqlara ehtiyac var. Boş sahəyə yüzlərlə tank və “Ura!” qışqıran cəsur əsgər göndərmə sistemi artıq işləmir.

“AiF”in icmalçısı aydınlıq gətirməyə qərar verib: Rusiya bundan hansı dərslər çıxarmalıdır?

“Başlarını çıxarsalar, Bakıyadək çatarıq!”

“Azərbaycan 1994-cü ildən bəri davamlı olaraq silahlanırdı. Sadəcə son 9 ildə o, müdafiəyə 24 milyard dollar xərcləyib, hərbi xərclər büdcənin 11 %-ni təşkil edib. Azərbaycanlılar Rusiyadan ən son helikopterlər və piyadaların döyüş maşınları, tank əleyhinə “Kornet-E” kompleksləri, “S-300” hava hücumundan müdafiə sistemləri alıblar. Türkiyə və İsraildən isə çox hündür məsafədən zərbə endirə bilən PUA alıblar. Onların ordusunu Türkiyə, İsrail və ABŞ-ın ən yaxşı hərbi təlimçiləri hazırlayıb. Ermənistanda neft və bu qədər çılğın pullar yoxdur: orduya yalnız 4 milyard dollar ayrılıb. Sözsüz, onlar da silah alıblar, amma çox yox: “İsgəndər” raketləri, Serbiya istehsalı minaatanlar. Biz axmaqlıq etdik. Erməni cəmiyyətində… rusca necə olacaq… “papağını göyə atma” əhval-ruhiyyəsi hökm sürürdü. Əvvəlki müharibədə Azərbaycan könüllülərinin sürətli məğlubiyyəti və qaçışının eyforiyasında idik. Ələ salaraq deyərdilər: “Bu azərbaycanlılar məgər döyüşə bilir? Qoy başlarını çıxarsınlar, Bakıyadək çatarıq!”. Qısası, bu da çox gülməyin sonu”, – deyə erməni ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan ah çəkib.

“Tanklar faydasız idi”

Qarabağda cəbhə xəttindəki qarşıdurma 26 il davam edib. Hər gün atışmalar olur, snayperlərin “duelləri” baş tuturdu. Yəni rahatlaşa bilməzsən. Ancaq məlum oldu ki, ermənilər azərbaycanlıların genişmiqyaslı hücumuna qətiyyən hazırlaşmayıblar.

Onlar hələ keçmiş uğurların həzzini alaraq düşmənin öhdəsindən asanlıqla gələ biləcəklərini sanırdılar. Bu əsnada Azərbaycanda Qarabağın geri qaytarılması milli düşüncəyə çevrildi. Bakıda olanda buna əmin oldum. Azərbaycanlılar uşaqlıqdan yeni döyüşləri xəyal edir və qurbanlara mənəvi baxımdan hazır idilər. Ermənilər Azərbaycanın bahalı müasir silahların almasını müşahidə edir və onun uzağı onları sadəcə qorxutmaq niyyətinin olduğuna inanırdılar. Qarşı tərəfi əvvəlcədən alçaldır və lağa qoyurdular: “Onlar qorxaqdırlar, cəsarətləri çatmaz”.

Yerevanın mərkəzindəki kafedə keçən il oktyabrın əvvəllərində Qarabağ uğrunda döyüşməyə gələn könüllü Levon Melkonyanla danışıram. Söhbət ingilis və ərəb dillərindədir: Levon rus dilini bilmir, çünki Livanda, Beyrutun erməni məhəlləsində doğulub. “Müharibənin ilk günündən etibarən azərbaycanlılar havada üstün idilər. Tanklar və zirehli texnikaların faydasız olduğu ortaya çıxdı: onları on-on yandırırdılar. Raketlər komandirlərin müşavirəyə toplandığı sığınacaq və binalara tuş gəlirdi. Silah-sursatı daşıyıb gətirmək mümkün deyidli: PUA-lar yük maşını “ovlayırdılar”. Bir ay sərhəddəki çağırış məntəqəsində qaldım, biz heç yerə də göndərmədilər: yoldakı istənilən maşın hava zərbəsinin təhlükəsi altında idi”, – o xatırlayır.

“Özüm səhərdən içirdim”

Bu nöqteyi-nəzəri Yerevandakı bir çox hərbiçidən eşitmişəm: Ermənistan on minlərlə əsgəri topladı, ancaq cəbhəyə göndərilmə anı qaçırıldığı üçün onlarla daha nə edəcəyini bilmirdi. Növbəti məqam döyüş bölgəsindəki nizam-intizamdır. Məqalənin əvvəlində danışdığım könüllü gizlətmir: cəbhədə oturub konyak içir. Aydındır ki, müharibədə alkoqolsuz bəzən heç cür mümkün deyil (“cəbhə” ezamiyyətlərində onlarla dəfə olmuşam), Böyük Vətən Müharibəsi və “Narkomun 100 qrammı”nı xatırlayın. Bununla birlikdə müntəzəm olaraq “cəsarət üçün” içirsinizsə, cəsarət daşsa da, soyuqqanlı düşüncə və sürətli reaksiya sıfıra düşür. “Bizdə mövqelərdə zabitlər belə əməlli-başlı içirdilər. Axı qorxuludur. Özüm səhərdən içirdim, yoxsa sinirlər PUA-ların atəşlərini eşitməyə dözməyəcək. Şayiə gəzir ki, yüksək rütbəli erməni siyasətçilərdən biri sərxoş vəziyyətdə generallara zəng edib və bu və ya başqa kəndə hücum etməyi tələb edib”, – separatçı birləşmələrin əsgəri Araik Xaçikyan etiraf edib. Xaçikyanın bildirdiyinə görə, rəhbərliyin əmrlərini veclərinə almır və lazım olan şəkildə hərəkət edirdilər. Bütövlükdə, əsl dərəbəylik baş verirdi.

“Hər gün yas”

Yerevanın hər tinində çiçəklər satılır və məsələ heç də bu yaxınlarda qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı deyil.

“Qırmızı qızılgül, qərənfillər çox bahalaşıb. Əlbəttə, oktyabr-noyabr aylarında hər gün onlarla gənc dəfn olundu… Sonra yas mərasimi, qəbirlərə çiçək qoymalıyıq… Və hələ də onları dəfn edirlər, cəsədlər tapırlar… Min beş yüzə yaxın hərbçi itkin düşüb… Bir şeyi anlamıram, “İsgəndər”lərdən niyə istifadə olunmadı?”, – satıcı Qayane sakitcə mənə deyib. Bu raket-taktiki komplekslər Ermənistana çoxdan tədarük edilmişdi, ancaq müharibə zamanı istifadə olunmurdu: Azərbaycanın Gəncə şəhərinə yalnız köhnə sovet raketləri buraxılırdı. Hərbi bazaları vurmağa çalışırdılar, nəticədə yaşayış məntəqələrinə tuş gəldilər. Bu da erməniləri dinc əhali qatili vəziyyətinə saldı. Baş nazir Paşinyan açıq şəkildə saçmalayıb: guya “İsgəndər”lər yararsızdır və “yalnız 10 %”-i partlayıb. Paşinyan onun sözlərinə gülən Baş Qərargah rəisini istefaya göndərib, erməni ordusunun generalları hökumət başçısının istefasını tələb ediblər və bu, kəskin böhrana yol açıb. “Azərbaycanın neft sahələrini “İsgəndər”lə vurmaq üçün qətiyyət lazım idi. Ancaq heç kəsdə bu əmri verəcək cəsarət yox idi. Hər kəs problemləri bir-birinin üstünə atırdı, nəyə ümid edikləri bəlli deyil”, – Ermənistan ordusunun eks-kapitanı Suren Ter-Qukasyan açıqlayıb.

Postsovet məkanındakı növbəti müharibə Rusiya üçün yaxşı dərs oldu. Bəli, indi doxsanıncı illər deyil və Rusiya ordusunda nizam-intizam məsələsində problemi yoxdur və cəsarətdə də hər şey qaydasındadır. Ancaq, təəssüf ki, yuxarıda dediyim kimi, müasir şəraitdə cəsarətlə uzağa gedə bilməzsən. Elektron idarəsi olan ən son Türkiyə PUA-larının uğurlu istifadəsi müharibəni aparmaq metodlarının bu günlərdə çox sürətlə dəyişdiyini nümayiş etdirib. Ümid edirəm ki, Rusiyada yaxın zamanda Türkiyə dronları keyfiyyətində PUA istehsalına başlayacaqlar. Çünki heç də bütün qonşularla yaxşı münasibətdə deyilik, sürprizlərə hazır olmalıyıq. Hələ-hələ “papağı göyə atma” ilə ümumiyyətlə məşğul olmaq lazım deyil. Bu, Ermənistana kömək etmədi. /Report