“Ermənistan son zamanlar atəşkəsin pozulması hallarını daha da intensivləşdirib. Bunun səbəbi onların tərəfdaşlarının xüsusəndə Avropa, Fransa və İranın Ermənistana yönəlik mesajları fonunda qiymətləndirilməlidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.
Onun sözlərinə görə, atəşkəsin pozulması Avropa İttifaqı missiyasının nəzarəti fonunda həyata keçirilir:
“Onlar göstərməyə çalışır ki, bütün təxribatlar Azərbaycan tərəfindən Ermənistana qarşı yönəlib. Ermənistan tərəfi Fransa senatının qətnaməsi fonunda orada göstərilmiş istəklərini birbaşa Qarabağda təmas xəttində istifadə etməyə çalışacaq. Onların istəkləri budur ki, Ermənistanla təmas xəttinə BMT-nin və ya üçüncü tərəfin sülhməramlıları yerləşdirilsin. Qarabağ ərazisində də Fransanın humanitar Qərargahı açılsın ki, burada içəridən Qarabağ məsələsini həll etməyə çalışsınlar. Rus sülhməramlılarının növbəti mərhələdə qeyri-qanuni birləşmələrin burada saxlanılması, atəşkəsin pozulmasına imkan verilməsi də bu siyasətin bir hissəsidir. Onlar düşünür ki, atəşkəs pozulmasa sülhməramlıların mövcudluğu nəyə lazımdır? Burada öz vəzifələrinin əhəmiyyətini göstərmək üçün belə hallara yol verirlər. Həmin siyasətin 3 istiqaməti var. Birincisi, Ermənistanın yazdığı ssenaridir. Hər dəfə atəşkəsin pozulmasının şahidi oluruq. İkincisi, Fransanın nəhayət Rusiyanın mövqeyidir. İstənilən halda Azərbaycan Silahlı Qüvvələri bunun qarşısını alacaq və bu addımları düzgün qiymətləndirəcək. Laçın dəhlizi də nəzarətə götürülməlidir. Eyni zamanda, 2025-ci ildə onların fəaliyyətinə xitam veriləcəyi birbaşa diktə olunmalıdır. Fransadan sonra Ermənistanın bu istəkləri digər ölkələrə də siraət edəcək. Biz daha çox beynəlxalq səviyyədə Ermənistanla mübarizəmizi aparmalıyıq”.
//Safura Bənnayeva, Editor.az

