“8 noyabr Zəfər Günü Azərbaycanın şanlı və qürurverici günlərindən biridir”.
Bu sözləri Editor.az-a Zəfər Günü ilə bağlı danışarkən Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək baş verən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazilərini işğaldan azad edərək, ərazi bütövlüyünü tam olaraq təmin edib:
“O cümlədən, ermənilər tərəfindən uydurulan “məğlubedilməz” erməni ordusu barədə mifi dağıtmış və Ermənistan hökumətini atəşkəs istəməyə vadar etmişdir. Artıq Şuşanın 8 noyabr tarixində azad edilməsi ermənilərin müharibədəki məğlubiyyətini qəbul etdiyi həlledici döyüş olmuşdur. Şuşa azad edildikdən sonra demək olar ki, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdılar və Ermənistan məğlubiyyətini etiraf etmək məcburiyyətində qalmışdı. Biz bu qələbəni şəhidlərimizin qanı, qazilərimizin canı və rəşadətli Ordumuz cəsarəti, gücü sayəsində əldə etdik. Biz onların hər birinin qarşısında baş əyirik.
Hər güclü ordunun başında mütləq şəkildə lider dayanmalıdır. Hansı ki, o keyfiyyətləri özündə əks etdirən məhz cənab Prezident İlham Əliyevdir. Ölkə başçısı bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin siyasətini keyfiyyətcə inkişaf etdirərək, layiqincə davam etdirdi. Cənab Prezident İlham Əliyev II Qarabağ müharibəsində özünü güclü siyasətçi, dövlət başçısı və ali baş komandan kimi sübut etdi. Biz nəinki cəbhədə, eyni zamanda, İlham Əliyevin verdiyi müsahibələr nəticəsində diplomatik arenada da zəfər qazandıq”.
//Səbinə Hüseynli, Editor.az

