“Biz heç zaman siyasi və iqtisadi inteqrasiyadan qaçmamışıq”-ŞƏRHbackend

“Biz heç zaman siyasi və iqtisadi inteqrasiyadan qaçmamışıq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“GUAM təşkilatının mövcudluğu qüvvədə olsa da fəaliyyəti bir qədər cəlbedici görünmür”.

Bu sözləri Editor.az-a GUAM-a sədrliyin Azərbaycana keçəcəyi ilə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Ukrayna qanlı müharibədə iştirak edir və onun potensialına böyük ehtiyac var:

“Azərbaycan da bu təşkilatda yer alır və biz hər zaman təşkilatın iqtisadi səmərəliliyini ön plana çıxarmışıq. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev 2010-cu ildə təşkilatın iqtisadi əməkdaşlıq strukturuna çevrilməsi təşəbbüsünü irəli sürdü. Bu artıq isbat olunmuş faktdır ki, qurum Qərb dövlətləri tərəfindən yaradılmışdı, əsasən İsveç və Polşa çox güclü təşəbbüskarlıq nümayiş etdiriblər. Məqsəd ondan ibarət idi ki, iştirakçı ölkələri Rusiyanın fəaliyyət dairəsindən uzaqlaşdırsınlar. Azərbaycanın siyasi rəhbərliyinə bütün bunlar aydın idi. Amma biz heç zaman siyasi və iqtisadi inteqrasiyadan qaçmamışıq. Prezident İlham Əliyevin məsələyə yanaşması bir daha göstərdi ki, əsas məsələ iqtisadi hesablamalar və birgə fəaliyyətin özünü doğrultmasıdır.

Nəticədə indi də bəzi dövlətlər çalışırlar ki, bu təşkilata nəfəs versinlər. Azərbaycan isə bütün hallarda üzərinə düşən vəzifəni keyfiyyətli şəkildə yerinə yetirir. Təşkilatda Qərb yönümlü qüvvələr hakimiyyətdədirlər və onlar çalışırlar ki, Rusiyanın təsirlərini zəiflətsinlər. Ukrayna müharibədədir, Gürcüstan isə bir növ tərəddüdlər və seçim qarşısındadır. Bir yandan Rusiyadan yan keçə bilmir, digər tərəfdən isə üzərində Qərbin təzyiqini hiss edir. Buna görə də burada ən perspektivli ölkə Azərbaycan idi. İnanıram ki, sədrlik Azərbaycana keçdikdən sonra biz öz imkanlarımız və yanaşmalarımızla təşkilata nəfəs verməyə qadir olacağıq. Çünki bunun üçün bizim çox sağlam baxışlarımız və ayrı-ayrılıqda bütün bu ölkələrlə yaxşı münasibətimiz var. Biz hər zaman çalışırıq ki, iqtisadi maraqları siyasi proseslərə qurban verməyək. Sədrlik Azərbaycana keçdikdən sonra isə məhz bu trend yenidən qüvvəyə minəcək və Azərbaycanın sözü eşidiləcək. Çünki biz həqiqətən də bu çərçivədə ən uğurlu siyasət yeridən və rasional nəticələr əldə edən məmləkətik”.

//Səbinə Hüseynli, Editor.az