Biz müharibəni sülh yolu ilə başa vurmağa çox yaxın idik, nədənsə pozuldu – İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinin üzvü
İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, diplomat Aleksandr Çalıy 2022-ci ilin aprelində tərəflərin kompromis əldə etdiyini bildirib. O hesab edir ki, o vaxt prezident Vladimir Putin “həqiqətən də Ukrayna ilə sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirdi”. Lakin danışıqlar “nədənsə” pozuldu.
Editor.az xəbər verir ki, Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində debatda çıxış edən cənab Çalıy deyib ki, İstanbulda danışıqlar zamanı Minskdə edilən “Rusiyanın ilkin ultimatum təklifindən tamamilə uzaq olan” kompromis əldə olunub. Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri hərbi əməliyyatlar başlayandan dərhal sonra üç raund danışıqlar aparıb. Fevralın 28-də tərəflər Qomel vilayətində, martın 3-də və 7-də isə Belovejskaya Puşçada görüşüblər. Nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü martın 29-da İstanbulda baş tutub.
“Biz Rusiya nümayəndə heyəti ilə demək olar ki, iki ay, mart və aprel aylarında Ukrayna və Rusiya arasında sülh yolu ilə nizamlanmaya dair mümkün razılaşmanı müzakirə etdik. Və biz, xatırladığınız kimi, İstanbul Kommunikesi deyilən şeyi yekunlaşdırdıq. Aprelin sonunda isə biz müharibəni hansısa sülh yolu ilə başa vurmağa çox yaxın idik. Nədənsə təxirə salındı”, – deyə Çalıy bildirib. Diplomatın sözlərinə görə, İstanbul kommünikesinin mətninin qəbul edilməsi qərarı Vladimir Putinin təşəbbüsü olub. “Putin həqiqətən Ukrayna ilə sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirdi. Bunu xatırlamaq çox vacibdir”, – deyə o vurğulayıb.
//Samir Qurbanov, Editor.az

